Yaxın Şərqdəki müharibə NATO-nun real imkanlarını açıq şəkildə göstərdi.
Turkustan.az xəbər verir ki, Politico nəşrində jurnalist Viktor Cek tərəfindən dərc olunan təhlildə İran ətrafında baş verən müharibənin NATO-nun müdafiə qabiliyyətində ciddi boşluqları üzə çıxardığı qeyd olunur .
Məqalədə vurğulanır ki, Alyans ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatlarında birbaşa iştirak etməsə də, bu münaqişə NATO-nun potensial olaraq Rusiya ilə müharibəyə nə dərəcədə hazır olduğunu şübhə altına alıb.
Fransa Hərbi Hava Qüvvələri rəhbərinin müavini general Dominik Tardif bildirib ki, Ukrayna və Yaxın Şərq müharibələri bir-birindən ayrı hadisələr deyil və gələcək müharibələrin xarakterini anlamaq üçün hər iki təcrübədən nəticə çıxarmaq lazımdır.
Avropa hərbi rəsmiləri hesab edir ki, Rusiya 2029-cu ilə qədər NATO üzv ölkələrindən birinə hücum edə biləcək vəziyyətə gələ bilər. Bu isə alyans daxilində həm hərbi hazırlığın, həm də siyasi birliyin gücləndirilməsini zəruri edir.
Politico-nun araşdırmasına görə, İran müharibəsi NATO-nun beş əsas zəif nöqtəsini üzə çıxarıb.
Birinci problem sursat çatışmazlığıdır. ABŞ müharibə zamanı “Patriot” hava hücumundan müdafiə sistemlərinin raket ehtiyatının təxminən yarısını istifadə edib. Fransa isə “Aster” və “Mica” raketlərinin ehtiyatının sürətlə azaldığını bildirib. Almaniyanın Rheinmetall və MBDA kimi müdafiə şirkətləri də artan tələbat fonunda çatışmazlıq riskinə diqqət çəkib .
İkinci problem hava üstünlüyünün zəifləməsidir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun eksperti Stockholm International Peace Research Institute-də çalışan Piter Vezeman qeyd edir ki, İranın minlərlə raket və pilotsuz aparat hücumuna davam etməsi klassik hava hücumlarının effektivliyini şübhə altına alır.
Üçüncü problem dəniz qüvvələrinin zəifliyidir. Böyük Britaniyanın HMS Dragon esminesinin texniki problem səbəbindən geri qaytarılması NATO donanmalarının real vəziyyətini göstərən nümunə kimi təqdim olunur. Britaniya hərbi dəniz qüvvələrinin rəhbəri general Qvin Cenkins belə donanmanın müharibəyə hazır olmadığını etiraf edib .
Dördüncü problem alyans daxilində siyasi parçalanmadır. Avropa ölkələri ABŞ prezidenti Donald Trump-ın İrana qarşı əməliyyatlara dəstək çağırışlarını rədd edib. Bu isə NATO daxilində fikir ayrılıqlarını daha da dərinləşdirib. Keçmiş baş katib Anders Foq Rasmussen Avropa ölkələrini ABŞ-la münasibətlərdə daha sərt və “pragmatik” davranmağa çağırıb.
Beşinci və mühüm məqam Ukraynanın rolu ilə bağlıdır. Müharibənin ilk günlərində Ukrayna pilotsuz aparat mütəxəssislərini Yaxın Şərqə göndərərək region ölkələrinə dəstək verib. NATO isə Ukrayna ilə əməkdaşlığını genişləndirərək birgə proqramlar, o cümlədən UNITE-Brave təşəbbüsü çərçivəsində hərbi-texnoloji əlaqələri gücləndirir .
Məqalədə qeyd olunur ki, İran müharibəsi NATO üçün sadəcə regional konflikt deyil, eyni zamanda alyansın real döyüş qabiliyyətinin sınağıdır. Mövcud vəziyyət isə göstərir ki, NATO yaxın gələcəkdə böyükmiqyaslı müharibəyə tam hazır deyil. /Musavat.com/