Ələt istiqamətində sürücülər üçün "tələ" - onlarla avtomobil yollarda qalıb


Bakı-Qazax magistral yolunun Ələt istiqamətində sürücülər ciddi çətinliklərlə üzləşməkdədir.

Modern.az-a sürücülərdən daxil olan çoxsaylı şikayətlərə görə, yağışlı hava şəraitindən sonra yolun bu hissəsində dərin çalalar və xalq dilində "latok" kimi tanınan çuxurlar yaranıb ki, bu da hərəkətin təhlükəsizliyini minimuma endirib. Sürücülər bildirirlər ki, yolda müəyyən olunmuş sürət həddi ilə hərəkət etsələr də, qəfildən qarşılarına çıxan bu çalalardan yayınmaq qeyri-mümkün hala gəlib. Nəticədə onlarla avtomobilin təkərləri partlayır və digər hərəkət hissələri ciddi zədələnir, bir çox nəqliyyat vasitəsi isə hərəkəti davam etdirə bilməyərək yollarda qalıb.

Magistralın kənarlarında nasaz vəziyyətdə qalan onlarla maşının evakuatorlar vasitəsilə ərazidən təxliyə edildiyi müşahidə olunur. Vəziyyəti daha da qəlizləşdirən əsas məqamlardan biri də yoldakı işıqlandırma sisteminin həddindən artıq zəif olması, bəzi ərazilərdə isə ümumiyyətlə mövcud olmamasıdır.

Gecə vaxtı su ilə dolmuş çalaların görünməməsi qəza riskini dəfələrlə artırır və sürücüləri həm maddi ziyan, həm də həyati təhlükə ilə üz-üzə qoyur.


MANŞET XƏBƏRLƏRİ