Azərbaycan və İranın ekspert qrupları Naxçıvana PUA hücumu ilə bağlı birgə araşdırma aparır.
Turkustan.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycan KİV-lərinə açıqlamasında bildirib.
Səfirin sözlərinə görə, ilkin mərhələdə tərəflər arasında məlumat mübadiləsi aparılıb. Daha sonra Azərbaycan-İran sərhədində birgə ekspert qrupunun görüşü keçirilib.
Görüş zamanı hadisə ilə bağlı bir sıra texniki detallar dəqiqləşdirilib və araşdırmanın növbəti mərhələləri müzakirə olunub.
Dəmirçilu bildirib ki, insidentlə bağlı yekun nəticələr bütün zəruri yoxlamalar başa çatdıqdan və İrandakı vəziyyət sabitləşdikdən sonra açıqlanacaq.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanı və muxtar respublikanın digər mülki infrastrukturu İran ərazisindən buraxıldığı bildirilən PUA-ların hücumuna məruz qalıb. (oxu.az)