Hərbi-həkim ekspertizası niyə yararsızı “yararlı” yazır?


Hərbi xidmətə yararlılıq məsələsi uzun illərdir ictimai müzakirələrin ən həssas mövzularından biridir.

Bu proses təkcə tibbi yoxlama ilə məhdudlaşmır, həm də insan sağlamlığının real vəziyyətinin düzgün qiymətləndirilməsi, qərarların obyektivliyi və vahid meyarlara uyğunluğu kimi vacib məsələləri əhatə edir.

Məsələn, ayağında 5 barmaq əvəzinə 3 barmağı olduğu bildirilən 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyevin yararlı kimi hərbi xidmətə qəbul edilməsi geniş müzakirələr doğurub.

Bu kimi nümunələr bir daha gündəmə gətirir ki, tibbi ekspertiza qərarlarının əsaslandırılması, meyarların şəffaflığı və qiymətləndirmənin vahid standartlara uyğunluğu daha ciddi şəkildə nəzərdən keçirilməlidir.

Hərbi-həkim ekspertizası niyə bəzi hallarda açıq fiziki qüsurları olan şəxsləri “yararlı” hesab edir?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, xəstəlikləri təsdiqlənmiş şəxslərin xidmətə çağırılması halları tam aradan qaldırılmalıdır:

“Ümumiyyətlə, bizdə hərbi xidmət məsələsi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Yeni çağırış sistemi üzrə ya muzdlular (peşəkar) modelinə keçid nəzərdən keçirilməli, yaxud da təhsil alanlar, xüsusilə davamlı təhsil alan şəxslər hərbi xidmətdən azad edilməlidir.

Bu istiqamətdə müəyyən formatlar hazırlanmalıdır. Bununla yanaşı, konkret reyestr mövcuddur və həmin reyestrdə hərbi xidmətdən kimlərin azad edilə biləcəyi açıq şəkildə göstərilib.

Diaqnozu ixtisaslaşmış xəstəxanada təsdiq edilmiş şəxs birmənalı şəkildə hərbi xidmətdən azad edilməlidir. Hərbi xidmətdə bəzən elə situasiyalar yaranır ki, bəzi şəxslər müxtəlif inşaat işlərində və digər yardımçı sahələrdə istifadə oluna bilər. Amma hərbi xidmətə yararlılıq məsələsi məhz reyestr üzrə dəqiqləşdirilməlidir”.

O qeyd edib ki, dünya təcrübəsində olduğu kimi, ağır və xroniki xəstəliklər hərbi xidmətdən azad edilmə üçün əsas sayılmalıdır:

“Məsələn, xroniki iltihabi xəstəlikləri olan şəxslər, autoimmun xəstələr, xərçəng xəstələri, birinci qrup əlilliyi olan şəxslər və digər çoxsaylı ağır xəstəlikləri olan insanlar dünyada da hərbi xidmətdən azad edilir.

Bizdə də bu yanaşma tətbiq olunmalıdır. Həmçinin skelet anomaliyaları, sindaktiliya (yəni barmaqların bitişik olması) kimi hallar da dünya praktikasında necə qiymətləndirilirsə, bu insanlara necə yanaşılırsa, biz də eyni yanaşmanı tətbiq etməliyik.

Ən azından qardaş ölkə Türkiyə təcrübəsindən yararlanmaq mümkündür. Ən əsası isə hərbi xidmətə yararlılıq məsələsində qərarlar subyektiv yanaşma ilə deyil, beynəlxalq təcrübə, tibbi meyarlar və insan hüquqları prinsipləri əsasında verilməlidir”.


MANŞET XƏBƏRLƏRİ