Bu gün nüvə fəlakəti riski Soyuq Müharibə dövründən bəri ən yüksək səviyyəyə çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi Nyu-Yorkda keçirilən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə 11-ci İcmal Konfransında çıxışı zamanı bildirib.
Qrossi qeyd edib ki, sözügedən müqavilə 50 ildən artıqdır qüvvədədir və bu sahədə ən geniş dəstəklənən beynəlxalq sənədlərdən biri olaraq qalır. Onun sözlərinə görə, sənəd ətrafında 191 ölkə ortaq məsuliyyət çərçivəsində birləşir.
“Bu, çox kritik bir mərhələdir. Nüvə fəlakəti riski Soyuq Müharibənin ən gərgin dövründən bəri görünməmiş səviyyəyə yüksəlib. Müharibə yenidən Avropaya və Yaxın Şərqə qayıdıb, sülh və təhlükəsizliyi təmin edən çoxtərəfli mexanizmlər ciddi təzyiq altındadır. Bu gün daha çox iştirakçının, daha yüksək risklərin və qeyri-müəyyənliyin olduğu təhlükəli bir qarşıdurma ilə üz-üzəyik”, – deyə Qrossi vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az