Astana görüşü Azərbaycanla Qazaxıstanın işbirliyinin növbəti səhifəsi olmaqla yanaşı, həm də böyük Avrasiya düzənində türk birliyinin gerçəkliyə çevrilən xəritəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfəri həm yüksək ruhda, həm də mənəvi coğrafiyada gerçəkləşdi. Bu rəsmi səfər dövlətin diplomatiya kitabında, Türk dünyasının yeni tarixi çağında yazılan önəmli hadisədir.
Qardaşlığın yolları ruhların birliyindən başlayır — qardaşlıq ruhu ayrıc, sınır tanımır...
Prezident İlham Əliyevin qazax həmkarı ilə birgə mətbuat konfransındakı bəyanatı bu baxımdan dərin anlam daşıyır. Bəli, biz çox şadıq ki, qardaş Qazaxıstan inkişaf edir, güclənir… Prezident Tokayevin müdrik rəhbərliyi ilə aparılan çağdaşlaşma siyasəti — süni intellektdən tutmuş daşımaçılığa, logistikə qədər — yeni inkişaf mərhələsi açıb.
Azərbaycan Prezidenti dostun uğuruna qardaş sevincini, həm də bölgənin ortaq gələcəyinə inamını bildirdi. Çünki artıq Orta dəhliz, Zəngəzur marşrutu kimi layihələr iqtisadi olmaqla yanaşı, siyasi iqtisad məzmunu da daşıyır və mədəni, ideoloji birgəlik nüvəsinə çevrilir.
Azərbaycanla Ermənistan arasında barış anlaşmasının Vaşinqtonda paraflanmasından sonra ən ilk dəstəklərdən biri Astanadan gəlmişdi. — Prezident Əliyev deyir:
“Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Mənim Kasım-Jomart Kemeleviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam.”
Birgə mətbuat konfransında deyilənlər, görüşlər, anlaşmalar, bəlgələr, üstəlik, öncəki imzalar, hadisələr… – bunlar hamısı yeni Turan diplomatiyası üslubudur – zorun deyil, zəkanın, savaşın deyil, barışın və güvənin üslubu...
Azərbaycanın Ermənistan üzərindən Qazaxıstan taxılının tranzitinə icazə verməsi, ayrıca Ermənistanın öz təqsiri üzündən düşdüyü sınırlamadan çıxarılması, əslində, praktik barışın başlanğıcı sayıla bilər. İş kağız üzərindəlikdən çıxıb – yollarda, limanlarda, vaqonlarda həyat tapır – davam və inkişaf edir…
Bəli, bugün Qarabağın dirçəlişi həm milli qürurumuz, həm də türk həmrəyliyinin gerçək sonucudur.
Füzulidəki Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi bu anlamda, bir kompkeksdən daha üstündür – qardaşlığın arxitekturasıdır. Prezident Əliyevin qardaşlıq, dostluq vurğusu ilə desək, bu mərkəz uşaqların təhsili və inkişafı ocağı olmaqla yanaşı, dostluğumuzun rəmzidir.
Azərbaycanın “Böyük Qayıdış” proqramı da məhz belə mənəvi dayaqlarla süslənərək gerçəkləşir – torpağı şəhid qanıyla dirildən güc, həm də qardaş nəfəsinini dəyərləndirir.
Ayrıca,
2028-ci ilin sonuna qədər açılacaq Zəngəzur dəhlizi
yalnız mühəndislik layihəsi olmaqda qalmayıb — Turanın damarlarına axan həyat xəttinin ifadəsidir.
Əgər Orta dəhliz Xəzərin üzərində Avrasiyanı birləşdirirsə, Zəngəzur dəhlizi bu birliyin torpaq kökünü formalaşdırır. Bu, türk dövlətləri üçün iqtisadi inteqrasiyanın “İpək Dəmir Yolu”dur – Bakını, Astananı, Ankaranı və Türküstanı birləşdirən ruhsal arteriyadır.
Bəs qardaşlığın fəlsəfəsi necə təcalla edir?
Prezident Əliyevin mənəvi-ideoloji anlamşlı sözləri ilə desək, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq birləşdirir.
Hər mənəvi ideoloji, hər ideoloji mənəvi olmur…
Bax, bu birləşmə artıq poetik obraz yox, dövlətlərarası davranış modelidir.
İndi türk birliyi yalnız “dil, din” birliyi səviyyəsində qalmayıb — iqtisadi, siyasi, ekoloji, mənəvi məsuliyyət birliyi səviyyə və səciyyəsi daşıyır.
Bununla da
Turan sabahının konturları aydın görünür.
2024-cü ilin sonunda COP29-un Bakıda keçirilməsi,
2025-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XVll Zirvə görüşünün Xankəndidə,
Xll Türk Zirvəsinin Qəbələdə təşkili,
2026-cı ildə I Türkoloji Qurultayın 100 illiyinin,
Asiyada Qarşılıqlı Fəaliyyət və Güvən Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv ölkələrinin Dövlət və Hökumət Başçıları Şurasının iclasının və digər böyük tədbirlərin Azərbaycanda planlaşdırılması — bütün bu hadisələr Türk dünyasının qlobal səhnədə sözünü demə mərhələsidir. Əlbəttə, Qazaxıstan da, digər qardaş ölkələrimiz də çox önəmli tədbirlərə evsahibliyi edib, belə tədbirlər gələcəkdə də keçiriləcəkdir.
Azərbaycan və Qazaxıstan bu səhnənin iki dirəyi kimidir — biri Xəzərin günbatarında, biri gündoğarında, amma eyni dəyərlərin, eyni yönün, eyni ruhun daşıyıcısıdır.
Ulu Turan ağacının budaqları meyvəsiz olmaz.
Beləliklə, bu səfər bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan bir-birinə yalnız xəritədə yox, taledə də yaxındır.
Və coğrafidən üstün ruhi-mənəvi yaxınlıq Turanın parlaq sabahını formalaşdırır.
Qardaşlıq artıq gələcəyin böyük planlarında, iri layihələrdə, Qarabağa, Gündoğar Zəngəzura köçən uşaqların gülüşündə, mədəniyyətin nəfəsindədir…
Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfərini ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox önəmli hadisə kimi qiymətləndirən Kasım-Jomart Tokayevin sözlərini bu yazıma sonluq kimi seçmişəm:
“İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib.”
QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!