Ermənistanda dünyanın ən böyük İsa Məsih heykəlinin tikintisinə rəsmən başlanılıb. Hatis dağında ucaldılması planlaşdırılan nəhəng heykəl tamamlandıqdan sonra ölçüsünə görə dünya rekordlarını qırmağı hədəfləyir.
Digər tərəfdən, layihənin pərdəarxasında dayanan məqsədlər müzakirə obyekti olub. Xüsusilə də vaxtilə Xankəndidə tarixi saxtalaşdırmaq niyyəti ilə qoyulan “Biz və bizim dağlar” abidəsi xatırlandıqda, sözügedən heykəllə bağlı müəyyən şübhələr yaranır. Bildirilir ki, gələcəkdə həmin ərazilərin xristianlara aid olduğu fikrini formalaşdırmaq üçün “İsa Məsih”dən dini-siyasi alət kimi istifadə oluna bilər.
Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli deyib ki, bu məsələni yalnız Ermənistanın daxili işi kimi qiymətləndirmək düzgün olmaz:
“Belə irimiqyaslı layihənin reallaşdırılması təkcə Ermənistanın imkanları çərçivəsində mümkün deyil. Burada ciddi maliyyə xərcləri ilə yanaşı, müxtəlif beynəlxalq və institusional razılaşmalar da nəzərə alınmalıdır. Xüsusilə xristian dünyasının əsas dini mərkəzlərinin, o cümlədən katolik və pravoslav strukturların mövqeyi mühüm əhəmiyyət daşıyır. Görünür, söhbət sadəcə xristianlığa sevgi və dini dəyərlərin təbliğindən getmir. Əsas məqsəd Ermənistanın siyasi və geosiyasi baxımdan qorunmasıdır. Xüsusilə Türkiyə və Azərbaycanla münasibətlər fonunda Ermənistanın 29 min kvadrat kilometrlik mövcud ərazisinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif vasitələr axtarılır. Qərb və Avropa dairələrində yaxşı bilirlər ki, yaxın perspektivdə İrəvan öz hərbi gücü hesabına bu təhlükəsizliyi təmin edə bilməyəcək”.

Faiq Ələkbərli
Tarixçi alim qeyd edib ki, İsa Məsihin heykəlinin Ermənistanda inşası xristian dünyasından çox, ölkənin müdafiəsinə xidmət edən siyasi addım kimi qiymətləndirilə bilər:
“Burada dini aspektdən daha çox siyasi motivlər ön plana çıxır. Tarix boyu bir çox dövlətlər dini amilləri siyasi məqsədlərlə uzlaşdıraraq öz maraqlarını həyata keçirməyə çalışıblar. Bu, hazırda da müşahidə olunur. Əsas hədəf Ermənistanı Türkiyə və Azərbaycandan, eləcə də onların yanaşmasına görə İslam dünyasından qaynaqlanan risklərdən qorumaqdır. Lakin bu məsələni xristian-müsəlman qarşıdurması kimi təqdim etmək doğru olmaz. Daha çox söhbət bu ərazilərin tarixi mənsubiyyəti ilə bağlı yanaşmalardan gedir. Tarixi həqiqətlər yalnız din faktoruna əsaslanmır. Ermənistanın xristian, Azərbaycan və Türkiyənin müsəlman ölkəsi olması bu torpaqların qədim dövrlərdə kimə məxsus olması məsələsini avtomatik şəkildə müəyyən etmir. Nəzərə almaq lazımdır ki, həm xristianlıq, həm də islam müəyyən tarixi mərhələlərdə formalaşıb. Türklər isə sözügedən dinlərdən əvvəl də bu coğrafiyada mövcud olublar. Ona görə də belə simvolik və siyasi addımlar qısamüddətli təsir göstərə bilər, lakin tarixi həqiqətlər öz obyektivliyini qoruyub saxlayır”.
Dinşünas Tural İrfan isə bildirib ki, hər nə qədər sülh olsa da, erməni xisləti həmişəki kimi dəyişməz olaraq qalacaq:
“Əslində ermənilər bəşəriyyət üçün mövcud bəlalardan biridir. Həmin ərazidə xüsusilə ermənilərin yerləşdirilməsində məqsəd müsəlman xalqları üçün əbədi problemin yaradılması olub. Ermənilər hazırda Qərbi Azərbaycan məsələsindən narahatdırlar. Buna görə İran Qafanda konsulluq açmışdı və digər müxtəlif yollarla deportasiya edilmiş əhalimizin gələcəkdə yerlərinə qayıtmasına maneə yaratmağa çalışırlar. Ermənistan xristian kartından sui-istifadə edir, dini dəyərləri alətə çevirirlər. İşğal olunmuş, başqasına məxsus torpaqda onun heykəlinin qoyulmasına Həzrət İsa razı olmazdı. Görünür, artıq Qərb səlibçiləri Ermənistan üçün başqa planlar hazırlayıblar. İran rejimi dini ibadətgahları qalxan edir ki, ABŞ müdaxilə etsə, ziyarətgaha zərər dəysin, eyni zamanda dünyanı ayağa qaldırsın ki, müqəddəs yerlər bombalanır. Ermənistan da həmçinin tarix boyu dini, kilsəni çirkin niyyətlərə alət edib. Qəsb olunan, başqasına aid olan torpaqda yaşaya bilsən də, orada müqəddəs bir Peyğəmbərin abidəsini qoymaq yalnız o torpağın əsl sahiblərinin izni ilə ola bilərdi. Qafqaz Albaniyasında xristian əhalinin yaşaması faktdır, lakin onlar ermənilər olmayıb. Ermənilər tədricən Şimali Hindistan və İraq ərazisindən gəlmədir. Albaniyanın da tarixi varisi Azərbaycandır”.

Tural İrfan
Dinşünas əlavə edib ki, əslində, Peyğəmbərə heykəl qoymaq doğru deyil:
“Həzrət İsanın missiyalarından biri də bütpərəstliklə mübarizə idi. İndi onun özünə heykəl qoymaq, Peyğəmbəri siyasi məkrlərə alət etmək əslində xristian dini üçün də münasib deyil. Həzrət İsa özündən sonra heykəlinin qoyulmasını arzu etməyib. Onsuz da tarixi abidələr, alban kilsələri sübut edir ki, ermənilər bu torpaqlara gəlmədir. Qərb dünyasının xristian olmasından həssas məqamlarda sui-istifadə edən ermənilər bölgə üçün hər zaman problem mənbəyi olaraq qalacaqlar. Müəyyən hakimiyyətlər dövründə fasilə versələr də, təhrikçilərin “işə başla” əmri gələn kimi yenidən baş qaldıra bilərlər. Odur ki, sülhü qorumaq üçün bizim də hər zaman güclü müttəfiqlərimiz olmalı, Türkiyə ilə daima sıx dostluqda qalmalı və güclü olmalıyıq”.