Tarixdən bu günə körpü


No description available.
Adilə Nəzərova
Filologiya üzrə fəlsəfə doktoru

(Ələsgər Siyablının “Yəhudilər və türklər: tarixi-etnik münasibətlərin xülasəsi” kitabı haqqında)

Azərbaycanın müasir ədəbi fikir tarixində milli kimlik, tarix, etnik münasibətlər və mədəni qarşılıqlı təsirlər kimi mövzulara həsr olunmuş elmi-publisistik əsərlər çox da bol deyil. Amma Ələsgər Siyablının 2024-cü ildə nəşr olunmuş “Yəhudilər və türklər: tarixi-etnik münasibətlərin xülasəsi” adlı kitabı bu baxımdan mühüm boşluğu doldurur. Müəllif bu kitabda yalnız keçmişi izah etmir, həm də gələcək münasibətlər üçün mənəvi, mədəni, ictimai bir yol xəritəsi təqdim edir.

Kitabda müəllif yəhudi və türk xalqlarının qədim dövrlərdən bəri paralel mədəni və etnik yol keçdiklərini, bəzən bir-biri ilə qarşılaşdıqlarını, bəzən də bir-birindən təsirləndiklərini irəli sürür. Şumer sivilizasiyasından başlayaraq, Tubal-Kain, Yoval, xəzərlər və Turan konsepsiyası kimi anlayışlar üzərindən oxucuya bu iki xalq arasında mədəni inteqrasiya imkanları göstərilir.

Kitab hazırkı türk-yəhudi münasibətlərin qarışıq izini sürmək, onları anlamaq, hətta bu münasibətləri yumşaltmaq üçün bir növ mədəni körpü kimi çıxış edir, oxucuya “biz rəqib yox, eyni tarix içində fərqli rollar almış mədəniyyətlərik” kimi çox mühüm bir mesaj verir.

Bu günki münasibətlərdəki sərt sözlər, diplomatik gərginliklər fonunda belə kitabın rolu böyükdür. Belə ki, kitab köhnə stereotiplərin qırılmasında, qarşılıqlı inamsızlığın aradan qaldırılmasında və yeni bir dialoq səviyyəsinin formalaşmasında mühüm vasitə ola bilər.

Ələsgər Siyablı kitabda yəhudi və türk xalqlarının keçmişdə düşmən yox, mədəniyyət daşıyıcısı və tərəfdaşı olduğunu göstərməyə çalışır. Bu, oxucularda empati hissini gücləndirir və “Əgər keçmişdə birgə yaşamaq mümkün olubsa, niyə bu gün olmasın?” sualını doğurur. Müəllifin yanaşması bəzi stereotipləri – məsələn, türklərin daim yəhudilərlə ziddiyyətdə olması fikrini – sarsıdır. Tarixi nümunələrlə qarşılıqlı anlaşmanın mümkünlüyü vurğulanır.

“Yəhudilər və türklər: tarixi‑etnik münasibətlərin xülasəsi” kitabı, qədim dövrlərdən başlayaraq yəhudi və türkcə etnoslar arasındakı qarşılıqlı əlaqələrə elmi-populyar yanaşma ilə işıq tutur. Kitabın məzmunu və strukturu o qədər zəngindir ki, təhlil etmək üçün onu bir çox hissələrə ayırmaq gərəkdir. Və bu, bir məqaləyə sığacaq iş deyil.

Qısa şəkildə şərh etsək, deyə bilərik ki, “Yəhudilər və türklər: tarixi‑etnik münasibətlərin xülasəsi” bir daha təsdiq edir ki, bugünün dünyasında siyasi-diplomatik münasibətlər çox vaxt mənfi stereotiplərin, qırılmış dialoqun və yalan tarix təsvirlərinin əsiri olur. Xüsusilə Yaxın Şərqdə və Cənubi Qafqazda türk və yəhudi xalqları arasında müşahidə edilən münasibətlərdə müəyyən gərginliklər, qısqanclıqlar, təzyiqlər hakimdir. Bu qarşıdurmalar əsasən Gürcüstanda yaşansa da, yəhudilərə qarşı talanlar provoslav Rusiyasında da tez-tez baş verirdi, hətta onlara Moskva və Peterburq kimi şəhərlərdə yaşamaq qadağan olunmuşdu.

Gürcüstanda yəhudilərin tarixi 2600 ildən çoxdur. Adətən sülh içində yaşayıblar, amma orta əsrlərdə, xüsusən də feodal dövründə bəzi yəhudilər torpaq sahiblərinin asılılığında yaşayırdı, “kölə-yəhudi” anlayışı mövcud idi. Bu isə sosial gərginliklər doğururdu. Gürcü pravoslav kilsəsinin təsiri altında müəyyən dövrlərdə dini təzyiqlər də olub.

Orta əsrlərdə ticarət sahəsində rəqabət səbəbindən bəzən gərginlik yaşanıb. Xüsusən İrəvan, Gəncə, Tbilisi kimi şəhərlərdə həm erməni, həm yəhudi tacirlər fəaliyyət göstərirdi. XIX–XX əsrlərdə isə erməni millətçi təşkilatları bəzən yəhudiləri də “yad element” kimi görürdülər, lakin açıq antisemitizm geniş vüsət almamışdı.

Azərbaycanda isə bəzən kiçik anlaşılmazlıqlar baş versə də, bu, heç vaxt etnik müstəviyə keçməyib.

\, “kBu münasibətlərin kökü yalnız bugünün siyasi hadisələrində deyil, həm də uzun, mürəkkəb və çoxqatlı tarixdə gizlənib.

Kitab maraqlı, geniş spektrli yanaşmalar təqdim edir. Onlardan bəzilərini diqqətə çatdıraq:

■ Müəllif Şumerlərdən başlayaraq sivilizasiyaların formalaşmasını və bu qatlarda yəhudilərlə türklərin qarşılıqlı təsirini izah edir.

■ Tövrat hekayələrinə əsaslanan türan‑yəhudi əlaqələrinə dair hipotezlər təqdim edilir – məsələn, Lamekin oğulları olan Tubal‑kain və Yuvalın həm turan, həm də yəhudi etnogenezində rol oynaması haqqında fikirləri təqdim edir.

■ F.Lenorman, E.Dyakonov və E.Eykstadt kimi Avropa tarixçilərinin arxeoloji və linqvistik məlumatlarına istinad edilərək metal emalı və ilkin dövlət quruluşlarının turanlılarla əlaqəsi vurğulanır.

■ Kitab qeyd edir ki, “əsas dəmirçi” Tubal‑kain türklərin əcdadıdır və bu, texnologiya köçü nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir.

■ XIX əsr Avropa katolik ideoloqu Kardinal Henri Nevmanın irq nəzəriyyəsinə istinad edilərək, iskitlərdən monqollara uzanan geniş türklər ailəsi təsvir edilir.

■ Kitabda qədim dövrlərdən başlayaraq yəhudi və türk etnosları arasındakı etnik, mədəni və tarixi əlaqələri geniş spektrdə araşdırılır. Müəllif xüsusilə Şumer sivilizasiyasından tutmuş zamanımıza qədər davam edən qarşılıqlı təsirləri sistematik şəkildə təqdim edir. Kitabın əsas məqsədi bu əlaqələrin etnogenez, mədəniyyətlərarası inteqrasiya və tarixi yaxınlıq sahələrindəki rolunu üzə çıxarmaqdır.

■ Kitabda ətraflı olaraq yəhudilərin Assuriya və Babil imperiyaları tərəfindən sürgün edilməsi, xüsusilə itirilmiş qəbilələrin müxtəlif etnik qruplarla qarışmasının türk-xəzərlər daxil olmaqla bir sıra xalqlara təsirindən bəhs edilir.

■ Ə.Siyablı Tövrat hekayələrindən və digər mifoloji mətnlərdən çıxış edərək Tubal-Kain kimi fiqurların türk etnogenezində rol oynadığını irəli sürür. O, bu konsepsiyanı bir neçə Avropa klassik nəzəriyyəsinə istinad edərək genişləndirir.

■ Kitab qədim dövrlərə (Şumerə yaxın) qədər uzanaraq uzun müddətli etnik əlaqələri sistemli şəkildə təqdim edir.

■ Kitabdakı multidissiplinar yanaşma – Arxeologiya, dilçilik, mifologiya və dini mətnlər sintez edilərək yeni baxış bucaqları formalaşdırılır.

■ Mövzu XIX–XX əsr Avropa tarixçilərinin fikir və nəzəriyyələri ilə bağlanır, bu da kitabın nəzəri çərçivəsini zənginləşdirir.

■ Tarixi etno-mifoloji motivləri interpretasiya edərkən müəllifin milli və turancı tendensiyası görünsə də, bu, obyektivliyi azaltmır.

■ Kitab ümumilikdə qədim etnik əlaqələrin sistemliliyi və klassik nəzəriyyələrin perspektivi ilə zəngin bir tədqiqat əsəridir və yalnız akademik yox, elmi-populyar oxucu auditoriyası üçün də yararlıdır.

Nəticə etibarı ilə kitab tarixdən gələn ağrıların, yanlış anlaşılan hadisələrin və uzaqlaşmaların üzərində sülh salmaq məqsədi ilə yazılıb, - desək səhv etmərik.

“Yəhudilər və türklər: tarixi‑etnik münasibətlərin xülasəsi” kitabında müəllif Osmanlı dövründən müasir dövrlərə qədər yəhudilər və türklər arasındakı tolerantlıq və birgəyaşayış haqqında mülahizələrinə tarixi zəmin yaradır. Belə ki, o, kitabın əvvəlində Osmanlı imperiyasının yəhudi icmasına münasibətini detallı şəkildə araşdırır. Müəllifə görə, 1492-ci ildə İspaniya inkvizisiyasından qaçan Sefard yəhudilərinin Osmanlıya sığınması bu münasibətlərin başlanğıc nöqtəsi sayılır.

Kitabda vurğulandığı kimi, Osmanlı dövründə yəhudilər əsasən ticarət, sənət və elmdə fəal iştirak edib, çox vaxt dövlət tərəfindən qorunub: “Osmanlı torpaqlarında yəhudilər yalnız sığınacaq tapmamış, eyni zamanda mədəni və iqtisadi həyatın fəal iştirakçılarına çevrilmişdilər.”

Bu dövrdə məscidlərin, sinaqoqların və digər mədəni mərkəzlərin bir-birinə yaxın olması, türklərlə yəhudilər arasında qarşılıqlı hörmət və anlaşmanın göstəricisi olaraq təqdim olunur.

Müəllif Səfəvi və Qacar dövründə baş verən siyasi dəyişikliklər və sosial gərginlikləri də tədqiq edir. Kitabda qeyd olunur ki, Səfəvi imperiyası dövründə dini fərqlər müəyyən məhdudiyyətlər yaradırdı, amma ümumilikdə yəhudi icmaları mövcudluğunu qoruyub saxlayırdı. “Qacarlar dövründə yəhudilərin sosial statusu dəyişirdi; bəzən təzyiqlər artsa da, onlar öz mədəni irslərini qorumağı bacardılar.”

Kitabda XX əsrin əvvəllərində Osmanlı torpaqlarında və Türkiyədə millətçilik hərəkatlarının yüksəlişi zamanı yəhudi icmalarına qarşı müəyyən şübhə və təzyiqlər olduğu qeyd olunur. Eyni zamanda, Avropadan gələn antisemitizm meylləri Türkiyəyə də təsir etmişdi ki, Avropa antisemitizminin təsiri Türkiyədə də hiss olunurdu; lakin Osmanlı mirası olan tolerantlıq ən azı müəyyən qədər qorunurdu.

1948-ci ildə İsrail dövlətinin yaradılması ilə türk-yəhudi münasibətlərində həm əməkdaşlıq, həm də gərginlik dövrləri yaşanıb. Kitabda bu mərhələ dərindən təhlil edilir, xüsusilə də 2000-ci illərdə Qüds və Qəzza məsələlərindən sonra diplomatik soyuqluğun yüksəlməsi diqqət çəkir. “Siyasi gərginliklərin dərinliyi tarixi, mədəni və sosial əlaqələrin üstündən kölgə salır, lakin o əlaqələr tamamilə silinmir.”

Kitabda həmçinin iki xalq arasında ortaq iqtisadi və təhsil sahəsindəki əlaqələr təhlil olunur. Məsələn, Türkiyədə yaşayan yəhudi icmasının iqtisadiyyatda, xüsusilə ticarət və sənayedə rolu, eləcə də ortaq mədəni tədbirlər qeyd olunur. “Birgə əməkdaşlıq və qarşılıqlı iqtisadi fayda, həmçinin təhsil mübadiləsi insanları yaxınlaşdıran əsas faktorlardan biridir.” Müəllif xatırladır ki, bu əlaqələr yalnız maddi müstəvidə deyil, həm də mədəniyyətlərarası dialoq baxımından böyük əhəmiyyət kəsb edir.

Kitabda xüsusi fəsil Azərbaycan və onun çoxmillətli cəmiyyətində yəhudi-türk münasibətlərinə həsr olunub. Qırmızı Qəsəbədə yaşayan dağ yəhudiləri, onların tarix boyu türklərlə sıx əlaqələri, Qarabağ müharibəsində birlikdə vuruşmaları maraqlı faktlarla təqdim olunur.

Bu fəsil oxucuda həm vətənpərvərlik hisslərini artırır, həm də müasir gərginliklər fonunda daha sakit, dərinləşmiş dialoqun zəruriliyini ortaya qoyur.

Ələsgər Siyablının dili elmi-analitik olmaqla bərabər, həm də bədii-publisistik incəlikləri əhatə edir. Oxucuya tarixi faktlar təqdim edilərkən onların arxasında duran insan taleləri, acılar və ümidlər obrazlı şəkildə çatdırılır. Müəllif, oxucu ilə səmimi dialoq quraraq, tarixi hadisələrin insan üzərində təsirini, mədəniyyətlərin bir-birinə toxunuşunu, qarşılıqlı anlaşmanın mümkünlüyünü və s. ən güclü bədii üslubla göstərir. Hər fəsil sanki müxtəlif zamanlarda çəkilmiş film epizodları kimi təqdim olunur, oxucunu düşünməyə və hiss etməyə çağırır.

Ələsgər Siyablı qədimdən bu günə qədər türklərlə yəhudilər arasında baş verən etnik-mədəni əlaqələri həm tarixi mənbələr, həm də mifoloji paralellərlə işıqlandırır. Müəllif oxucunu Səmavi dinlərin doğulduğu torpaqlardan Orta Asiyanın bozkırlarına, oradan Qafqaza və Balkanlara qədər uzanan uzun bir səyahətə aparır.

Tarixdə çox az millət vardır ki, bir-biri ilə ticarət, dini təmaslar, sosial‑mədəni əlaqələr qurub, lakin heç vaxt bir-birinə qarşı qətliam, kütləvi zorakılıq törətməyib. Türklərlə yəhudilər bu nadir nümunələrdəndir. Xəzər xaqanlığının iudaizmə meyli, Osmanlı sultanlarının İspaniyadan qovulan sefard yəhudilərini qəbul etməsi və onlara dövlətin mühüm inzibati, iqtisadi mövqelərini həvalə etməsi – bunların hər biri qarşılıqlı etimada əsaslanan bir tarixdir. Müəllif qeyd edir ki, İsrail xalqını əzəmətli bir ağaca bənzətsək turanlılar və samilər onun iki möhtəşəm qolunu təşkil edir.Aşkenazlar turanlı türkləri, sefardlar isə samiləri təmsil edirlər.Yəhudi etnosunun aparıcı etnik ünsürünü aşkenazlar təşkil edir.”

Ələsgər Siyablı bu epizodları sadəcə qeyd etmir, onların dərin tarixi-mədəni kontekstini də açır: Ərəbləri türklərlə yalnız dini mənsubiyyət birləşdirdiyi halda yəhudilərlə türkləri min illiklərlə tarixə malik olan etnik qohumluq əlaqələri birləşdirir.” Müəllifə görə, “Bir çox Avropa alimləri və o cümlədən F.Lenorman yəhudilərin və türklərin eyni atadan doğulan iki qardaşdan törədiklərini yazır. Tövratda Adəmin oğlu Qabilin törəməsi olan Matuşaelin oğlu Lamek həm yəhudilərin və həm də turanlıların əcdad atası hesab olunur.Turanlılar Lamekin Silla adlı arvadından olan Tubal-kain adlı oğlundan, yəhudilər isə Ada adlı arvadından olan Yuval adlı oğlundan törəmişlər.” bu da o deməkdir ki, türklər və yəhudilər arasında düşmənlik yox, paralellik var idi. Onlar eyni coğrafiyada yaşadıqları zaman bir-birini təhdid deyil, fürsət kimi gördülər.

Azərbaycan tarixində də yəhudilərlə türklərin münasibətləri nadir barış nümunəsidir. Quba, Oğuz, Bakı kimi bölgələrdə yüzillərlə yəhudi icmaları ilə yerli türklər arasında birgəyaşayış və qarşılıqlı hörmət mühiti formalaşıb. Kitabda müəllif bu coğrafi və sosial mühitə də toxunur. O, Azərbaycanın milli-mənəvi tolerantlıq modelini xüsusi vurğulayır.

Ələsgər Siyablının apardığı tədqiqatda bir fikir diqqət çəkir: yəhudi mədəniyyəti və dili ilə türk dili arasında müəyyən leksik və dini-mifik paralellər də tapılır. Bu isə sübut edir ki, birgə yaşamaq təkcə coğrafi deyil, həm də mədəni sintezlər doğurur.

XXI əsrdə, xüsusilə Yaxın Şərqdə baş verən qarşıdurmalar fonunda dünya siyasəti bir daha sübut edir ki, etnik və dini münasibətlərin sabitliyi heç də tarixin arxivində deyil – indi və burada, bu gün də aktuallığını qoruyur.

Kitab bu baxımdan sadəcə retrospektiv yanaşma deyil, həm də mədəni diplomatiya və ideoloji yumşalma vasitəsidir. Ə.Siyablının yazdığı faktlar sübut edir ki, xalqlar arasında tarixi anlaşma varsa, bu, müasir gərginlikləri də azalda bilər. Yəhudi və türk xalqları arasında yaranan tarixi inam, bugünkü siyasi oyunlardan üstün ola bilər – yetər ki, biz bu yaddaşı diri saxlayaq.

Ən əsası isə budur: kitab düşmən obrazı yaratmağa deyil, anlaşma mühiti qurmağa xidmət edir. Ədəbiyyatda, folklorda, dini mətnlərdə tez-tez rast gəldiyimiz bir həqiqət var: xalqlar bir-birinin mifində görünəndə, bu, onların tarixdə də birgə iz qoyduğuna işarədir. Ələsgər Siyablı bu kitabında türklərlə yəhudiləri sadəcə “yan-yana gəlmiş etnoslar” kimi yox, bir-birinin yaddaşında yaşayan mədəni fiqurlar kimi təqdim edir.

Kitabda göstərilən tarixi faktlar – Xəzər xaqanlığının yəhudi dini ilə təması, Osmanlı tolerantlığı, Azərbaycan multikulturalizmi – bu iki xalqın keçmişdən gələcəyə uzanan paralel yürüşünün səssiz şahidləridir.

Bu kitab sadəcə tarixin salnaməsi deyil – bu, xalq yaddaşının, qarşılıqlı anlaşmanın, dinlər və mədəniyyətlər arasında olan zərif körpülərin izahlı xəritəsidir. Kitab daha geniş təhlillər tələb etsə də bu kiçik məqalədə gəldiyiniz nəticə budur ki, Ələsgər Siyablı bu əsəri ilə həm tarixə işıq salır, həm də müasir dövr üçün diplomatik, ictimai və mədəni mesajlar verir. Kitab oxucunu düşünməyə, öz etnik yaddaşını gözdən keçirməyə, bəlkə də dəyişməyə çağırışdır.

Bugünkü dünyada belə çağırışlara ehtiyac çoxdur, çünki tarix harda qırılırsa, yaddaş orda qanayır.


MANŞET XƏBƏRLƏRİ