Mən fəxr edirəm ki, kəşfiyyatçıyam!


1984-cü il noyabrın 25-də Bakıda doğulur...

Yasamal rayon 149 saylı orta məktəbdə, daha sonra, Yardımlı rayon Kürəkçi kənd məktəbində orta təhsil alır...

2003 / 2007-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ali Hərbi Təhsil alır...

SQ-nin Təlim-Tədris mərkəzində təkmilləşdirmə kursu keçir...

2007 / 2009-cu illərdə Tovuz rayonu "N" saylı hərbi hissədə;

2009 - cu ildə Goranboy rayonu "N" saylı hərbi hissəsində kəşfiyyatçı zabit olaraq xidmət edir...

13 illik hərbi xidməti müddətində Tovuz, Murovdağ, Füzulidə yerləşən "N" saylı hərbi hissədə xidmət edir...

Xidməti müddətində Mayor rütbəsinə qədər yüksəlir...

2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətlərə görə təltif edilir...

Vətən müharibəsində 25 nəfərlik qrupla təmas xəttini ilk yaranlardan biri olan, 45 dəqiqə ərzində 2 dəfə hücum gerçəkləşdirən, qrupu ilə birgə Ermənistan ordusunun iki tağımını darmadağın edən, heç bir itgi vermədən əvvəlcə 3, daha sonra 2 əlverişli post və stratejı yüksəkliklər ələ keçirən, tabeliyindəki qrupdan ayrılaraq düşmən mövqelərinə həmlə edən və 20 nəfərdən çox düşmən heyətini təkbaşına məhv edən, mühasirəyə düşən döyüş yoldaşlarını 15 dəqiqə ərzində mühadirədən çıxaran, özü yaralandığı halda 12 yaralını döyüş meydanından çıxaran, Füzuli istiqamətində gedən döyüşlərdə "Buğda dərəsi" adlanan ərazidə qarşı tərəfin ikinci eşalonu yarılan zaman snayper gülləsi ilə şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Tənha canavar" ləqəbli kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı Elçin Elşən oğlu Mansurov!

Qəhrəmanımız vətən qarşısındakı xidmətinə görə lll dərəcəli "Qüsursuz xidmətə görə", ll dərəcəli "Qüsursuz xidmətə görə" medalları, "Silahlı Qüvvələrin 90 illiyi", "Silahlı Qüvvələrin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, "Xocavəndin azad olunmasına görə", Füzulinin azad olunmasına görə"medalları və" Vətən Müharibəsi Qəhrəmanı "medalı ilə təltif edilib.

Şəhid Fərid Əhmədobun kurs yoldaşı və yaxın dostu olan Elçin Mansurov hər kəşfiyyata getdiyində "Dostum Fəridin intiqamını almaq üçün ova gedirəm" deyərmiş. O təcrübəli kəşfiyyatçı kimi ən çətin tapşırıqlara göndərilir. Kəşfiyyata təkbaşına gedər, tutduğu düşmən əsgərini gətirib ondan mühüm məlumatlar öyrənirmiş. Ermənilər onun başını gətirənə pul mükafatı ayırsa da cəsur kəşfiyyatçı hər dəfə onların gözündən yayınmağı bacarır.

Döyüş yoldaşı Əlisəfa Hacıyev: "Döyüş vaxtı biz mühasirəyə düşdük. Elçin Mansurov bizi mühasirədən çıxartdı.

Qəhrəmanımızın anası Məleykə Məcidova deyir ki, "Elçinin adını mən qoymuşdum. Sonradan onun adının mənasını dərk elədim. Elçin, yəni, el üçün! Uşaqlıqdan paylaşmağı sevərdi. Əlində nə olurdusa, çörək, meyvə, mütləq həyətdə uşaqlarla bölürdü. İnsana insan olduğu üçün dəyər verən biriydi Elçin. Qeyrətli, vicdanlı, mərhəmətli, mənəviyyatlı, sözünün, hərəkətinin yerini bilən oğul idi balam. Əslimiz Yardımlı rayonunun Kürəkçi kəndindəndir. Bakıda, Binə qəsəbəsində yaşayırdıq. Elçin də orada doğuldu. Atası da, mən də hava limanda işləyirdik. Atasını erkən itirdi Elçin. Uşaqlıqdan həvəsi ancaq oyuncaq silaha idi. Böyüyəndə də silaha marağı itmədi. Hərbçi olmaq onun uşaqlıq arzusu idi. 20 Yanvar hadisələri vaxtı biz Binədə yaşayırdıq. Rus ordusunun helikopterlərinin fəaliyyətini yaxından görürdük. Elçin oyuncaq avtomatını götürüb onlara tuşlayanda qonşu tez onun köynəyindən tutub içəri saldı ki, görərlər, elə bilərlər həqiqi silahdır, vurarlar səni. Uşaqlarla həyətdə oynayanda da ancaq oyuncaq silahlarını uşaqlara paylayıb onlarla "dava-dava" oynayırdı. Belə püxtələşib Elçin. Vətənpərvərlik ruhu onun canında, qanındaydı. Bilirdim ki, müharibə başlasa o öndə gedəcək. Şəhid olanda da o əsgərini qoruyaraq şəhid olub. Bunu əsgərin valideyni mənə dedi. Elçin heç vaxt ağlamazdı. Mən onu ağlayan görməmişdim. Mübarizlə Fəridin dəfnindən gələndə onu ağlayan gördüm. "Kişi ağlamaz"deyən oğlum ovunmurdu."

Döyüş yoldaşı Rəfael Mustafazadə: "Mən Yardımlı rayonundanam. Mən hərbi hissəyə gedəndə mənə dedilər ki, sənin bir həmyerlin buradadır. Onunla maraqlanmağa başladım. Hansı zabitdən soruşdumsa, dedilər o postdadır. Çox vaxt da elə postda, əsgərlərin yanında olur, müşahidə aparırdı. O, hərbi hissənin döyüş hazırlğı rəisinin müaviniydi. Mərd, cəsur, qorxmaz zabit idi. Şəhid olanda onun nəşi neytral ərazidə qalmışdı. Biz oktyabrın 10-da onun və bir neçə şəhidimizin nəşini oradan çıxaranda mən yaralandım. Amma onları çıxara bildik".

"Kəşfiyyat ordunun görən gözüdür. Məqsədimiz hərbi qulluqçulardan peşəkar kəşfiyyatçı yetişdirməkdir. Mən fəxr edirəm ki, kəşfiyyatçıyam!" - bu sözlər qəhrəman kəçfiyyatçımız Elçin Mansurova aiddir. Bütün ruhu ilə, qəlbi ilə bağlandığı bu peşə onu qəhrəmanlıq zirvəsinə yüksəltdi. O Zəfər tariximizin qəhrəman kəşfiyyatçısı olaraq gələcək nəsillərə örnək bir qəhrəman oldu.

Subay idi qəhrəmanımız. Evlənməmişdi. Torpaqlarımızı işğaldan azad edək, sonra evlənəcəm deyirmiş...

Torpaqlar işğaldan azad olundu. Artıq o torpaqlardan toy sədaları yüksəlir. Qapılarda vağzalı havası çalınır. Amma bu vağzalı fərqlidir məncə... Təkcə evlənən cavanlar üçün yox, o torpaqları qanı bahasına azad edib, dünyadan toysuz köçən şəhidlərimiz üçün də çalınır. El üçün canından keçən Elçinin də payı var o vağzalıda...

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ