Qəzza İdarəetmə Şurasının tərkibi İsrail tərəfindən razılaşdırılmayıb və İsrailin siyasətinə ziddir. Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Turkustan.az xəbər verir ki, bəyanatda deyilir: “Sülh Şurasına tabe olan Qəzza İdarəetmə Şurasının tərkibinin elan edilməsi İsrail ilə əlaqələndirilməyib və ölkəmizin siyasətinə ziddir”. Ofis, həmçinin bildirib ki, Netanyahu İsrailin xarici işlər naziri Gideon Saara bu məsələni ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə etməyi tapşırıb.
Qeyd edək ki, 9 oktyabr 2025-ci ildə İsrail və radikal Fələstin hərəkatı HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin icrası barədə razılığa gəliblər. Növbəti gün Qəzza zolağında atəşkəs qüvvəyə minib.
Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və “Sülh Şurası” da daxil olmaqla, Qəzza zolağını idarə edəcək strukturların fəaliyyətə başlamasını nəzərdə tutur.
Aytən Yaşar/ Turkustan.az