Meloni: Qrenlandiyanın təhlükəsizliyi NATO çərçivəsində müzakirə olunmalıdır


İtaliyanın Baş naziri Giorgia Meloni Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı məsələlərin NATO daxilində dialoq yolu ilə həll olunmalı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Asiya turnesi çərçivəsində Tokioda italyan jurnalistlərə açıqlama verən Meloni, ABŞ prezidenti Donald Trampın gündəmə gətirdiyi Qrenlandiya məsələsini ciddi hesab etdiyini deyib. Onun sözlərinə görə, Qrenlandiyada təhlükəsizliyin gücləndirilməsi və müttəfiqlərin iştirakının artırılması NATO-nun məsuliyyət sahəsinə daxildir.

Bəzi Avropa ölkələrinin Qrenlandiyaya qoşun göndərməsi ilə bağlı sualı cavablandıran Meloni bunun bölücü addım kimi qiymətləndirilməməli olduğunu vurğulayıb. O qeyd edib ki, NATO sənədlərində Arktika bölgəsinin strateji əhəmiyyəti artıq tanınıb və bu addımlar mövcud çağırışlara cavabdır.

Meloni əlavə edib ki, bu yanaşma ABŞ-la münasibətlərdə gərginlik yaratmır, əksinə Avropa ölkələrinin ABŞ-ın narahatlıqları qarşısında məsuliyyət daşımağa hazır olduğunu göstərir. O, Aİ və ABŞ-ın İtaliya üçün əsas tərəfdaşlar olduğunu da qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ