Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
II Yazı
Qacar dövlətini sevən bir gürcü qadının göstərdiyi qoçaqlıq
Ağa Məhəmməd şah Qacar zamanında İrakli xan Rusiya kraliçası II Yekaterinaya (1762-1796) tabe olmuş və Tiflisi onun himayəsinə keçirmişdir.Onun səbəbi bu olmuşdur ki, o zaman Qacar hökuməti daxili üsyanlara,döyüşlərə,bundan başqa Zəndiyyə xanları ilə savaş apardıqlarına görə Qafqaza lazımi qədər diqqət verə bilməmişdir. Rusiyanın cənub sərhədlərini genişləndirmək,böyük Pyotrun planını həyata keçirmək fikrində olan Yekaterina İraklnin çağırışını sevinc hissi və məmnuniyyətlə qarşılayaraq ona ildə altmış min rubl təqaüd təyin etmişdir.Bundan başqa həm də ləzgilərin Gürcüstana hücumunun qabağını almaq üçün, həm də rus qoşunlarının cənubi Qafqaz sərhədini keçərək gələcək hücuma hazırlanması üçün Yekaterina sərkərdələrindən Qudoviçi çoxlu əsgərlə Gürcüstana göndərmişdir.
Ağa Məhəmməd şah isə Tiflisə elə bir sürətli hücum etmişdi ki,rus sərkərdəsi vaxt tapıb İrakli xana yardım edə bilməmişdi.Buna görə İrakli xan Tiflisi buraxıb qərbi Gürcüstana getmiş, nə edəcəyini bilməyərək, yenə rus sarayından yardım tələb etmişdir.Yekaterina bu xəbəri eşitdikdə Zubovun başçılığı ilə Qafqaza otuz min əsgər göndərmişdi.Bir az vaxt bundan sonra Yekaterina ölmüş,o da bu bu planını yerinə yetirmək arzusunu özü ilə qəbrə aparmışdır.
Ağa Məhəmməd şah öldürüldükdən sonra Qacar qoşunlarının Gürcüstana hücumu dayandırılmışdır.Gürcüstan çarı rus sərkərdəsi Zubovun köməyi iə yenidən Tiflisdə bərqərar olmuşdur.Rusiya çarının əmri ilə Georgi xan Gürcüstan hakimiyyətinin başına keçmişdir.Həmişə hakimiyyəti əldə etmək arzusunda olan Aleksandr Mirzə (Georginin qardaşı) Tiflisdən qaçıb Qacar sarayına,Fətəli şahın yanına getmişdir. Ağılsız,iradəsiz Georgi Qacar qoşunlarının qorxusundan qardaşına qarşı mübarizədə özünə tərəfdar, müdafiəçi tapmaq üçün Rusiya çarı ilə gizlin bir müqavilə bağlamış, həm özü tərəfindən,həm də canişinləri tərəfindən Gürcüstan hakimiyyətindən sərf-nəzər etməyi qəbul etmiş, çarın Gürcüstana sahib olmasına razılıq vermişdir.
Fətəli şah və bütün saray xadimləri bu dəyişiklikdən təşvişə düşmüş Aleksandr Mirzəyə mehribanlıq edərək onu himayələri altına almış və Gürcüstan hakimiyyətini qaytarmaq üçün hər cür yardım verməyi vəd etmişdilər.
I Pyotrun (1682-1721) qədim planlarını və Yekaterinanın yarımçıq qalmış planını həyata keçirmək üçün ən yaxşı fürsət əldə etmiş Rusiya imperatoru I Aleksandr (1801-1825) Qacar dövlətində “İşpexter” adı ilə tanınmış olan məşhur,təcrübəli sərkərdəsi Pavel Dimitriyeviç Sisianovu nizami qoşun dəstələriylə birlikdə Tiflisə göndərmişdi.Sisianovun qoşununun böyük hissəsini sınanmış,döyüşkən atlı Don kazak dəstələri təşkil edirdi.Georgi Sisianova qarşı heç bir müqavimət göstərməmiş,onu xüsusi bir mərasim və səmimiyyətlə qarşılayaraq rəsmən tabe olmasını bildirmişdi.
Sisianov bir neçə vaxt Tiflisdə qalıb,gələcək məqsəd və planlarını tərtib etmişdir.Bu zaman hələ öz səxavət,bəxşişinin səmərəsini görməmiş Georgi böyük həsrət içində vəfat etmiş və Sisianov Georginin arvad uşağını Peterburqa köçürmək haqda generallardan İvan Petroviç Lazarevə tapşırıq verir.
Gürcüstanın ən cəsarətli,şərəfli qadınlarından olan, Qacar dövlətinə böyük hüsn-rəğbət bəsləyən Georginin arvadı əvvəldən də ərinin hiyləgərliyindən,namərdliyindən hiddətlənirdi.O,yadların-rusların əlində əsir olmaqdan,həqarətə dözməkdən ölümü üstün tutub,Lazarevin təklifi qarşısında müqavimət göstərib onu hədələyir.Lazarev Georginin arvadının müqavimətini görüb zorla onu və uşaqlarını evdən çıxarmağı qərara alır.Lakin Georginin arvadı donun altında gizlətdiyi xəncəri çıxarıb böyük bir cəsarət və acıqla rus sərkərdəsinin ürəyinə sancıb,onu 18 aprel 1803-cü ildə öldürür.Sonra qışqıra-qışqıra: “Bu yadellilərdən intiqam aldım”-deyə evdən çıxıb Qacar dövlətinə qaçır.
Oğlu Təhmürəs də anası qaçdıqdan sonra Qacar sarayına pənah gətirmiş,lakin ruslar bu qoçaq qadının qalan uşaqlarını və ailə üzvlərini öldürmüş,bəzilərini əsir etmişdilər.
Tiflis məsələsini həll edib arxayın olan Sisianov sərkərdəsinin ölüm xəbərini eşitdikdə bərk hiddətlənmiş,Qafqaz şəhərlərindən Gəncəyə hücum əmr etmişdir.Möhkəm qalaları,hasarları olan Gəncəni vətənpərvər,qorxmaz sərkərdə Cavad xan mühafizə edirdi. Bu şəhərin müdafiə qüvvələri az olduğuna və şəhər mühasirəyə düşdüyünə baxmayaraq Cavad xan Sisianovun qoşunlarına qarşı igidliklə müqavimət göstərmişdir. Sisianov isə qoşunun sayını artırmaqla Gəncəyə hücumu daha da şiddətləndirmək məcburiyyətində qalmışdır.
Nəhayət,qanlı döyüşlərdən sonra Sisianov şəhərdə yaşayan ermənilərin köməyi və şəhəri müdafiə edən bəzi qoşun başçılarının xəyanəti nəticəsində Gəncəni fəth etmiş,cəsarətli sərkərdə Cavad xanla uşaqlarını, habelə bir çox Gəncə müdafiəçilərini həlak etmişdir.Bu qələbədən sonra Sisianov Qafqazın mühüm şəhərlərinə,o cümlədən Qarabağa və İrəvana elçilər göndərmiş,o şəhərlərin valilərini tabe olmağa çağırmışdır.
Müharibənin başlanması
Rus ordularının Qafqazda işğalları genişləndirməsi Azərbaycanda vəziyyəti tamamilə dəyişdi.1804-cü ilin mayında Fətəli şah Qacar rus qoşunlarının Zaqafqaziyadan və Dağıstandan çıxarılmasını tələb etdi.Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə Qacar dövləti arasında diplomatik əlaqələr kəsildi,10 il davam etmiş Qacar-Rusiya müharibəsi başlandı.Qacar-Rus müharibəsi başlandıqda Abbas Mirzə Azərbaycanın bütün vilayətlərinə və şəhərlərinə,xüsusilə elat başçılarının yanına təcili qasidlər göndərib müharibənin başlanmasını xəbər vermiş,onları yardıma,cihada çağırmışdı.Bütün əhali təşvişə düşüb müharibənin başlanmasını və döyüş xəbərlərini səbirsizliklə gözləyirdilər.Təbriz şəhərinin məscidlərində,böyük küçələrində mollalar,vaizlər əhalini rusların əleyhinə müharibə və cihad etmək üçün qaldırırdılar.Bu vaxt Qacar dövləti ilə çar Rusiyası arasında müharibənin zəruri olduğunu bilən Abbas Mirzə öz qoşunlarını toplayaraq məzuniyyətə göndərilmiş,yaxud şəhərdən uzaq yerlərdə yaşayan bütün əsgərlərini Təbrizə çağırmış,ümumi səfərbərlik əmri vermişdir.Sabahısı gün Abbas Mirzə səfərbərliyə alınmış bütün qoşunları ilə birlikdə Təbrizdən İrəvana doğru yollamış,bir neçə gün yol getdikdən sonra həmin şəhərin yarım ağaclığında dayanmışdır.Bu vaxt Abbas Mirzəyə xəbər vermişlər ki, İrəvan valisi Məmməd xan xəyanət edərək,ruslar tərəfə keçmişdir. Sisianovun həmləsindən bir neçə gün əvvəl Rus qoşunlarını Qacar ordusunun yerləşdiyi Eçmiadzin (Üçkisə) şəhərini və başqa Qafqaz şəhərlərini almağa qaldırmışdır.Bundan başqa xəyanətkar İrəvan valisi həmin mahalda onunla razılaşmayan vətənpərvərləri Osmanlı dövlətinin hakimiyyəti altında olan yerlərə köçürüb qalanın mühafizəsini öz əlinə alaraq,topların ağzını Qacar qoşunlarına tərəf çevirmişdir.
İrəvan valisinin xəyanətindən bərk həyacanlanmış və qəzəblənmiş Abbas Mirzə Qacar Dəvəllu tayfasından ləyaqətli sərkərdə Mehdiqulu xana tapşırıq vermişdir ki, altı min atlı dəstələri ilə birlikdə Qarsa doğru hərəkəd edib, İrəvan valisinin köçürdüyü Azərbaycan türklərini tezliklə İrəvana qaytarsın. Mehdiqulu xan sürətlə hərəkət edib köçürülmüş bütün Azərbaycan türklərini mal-qaraları ilə birlikdə öz himayəsi altına alaraq İrəvana qastardığı zaman yarı yolda İrəvan valisi Məmməd xana yardım etmək üçün 20 min piyada, altı min atlı hissəsi və 30 topla hərəkət edən Sisianova rast gəlmişdi.
Mehdiqulu xan özünü itirmədən görünməyən bir cəldlik və məharətlə 700 sınanmış əsgərini öz yanında saxlayıb qalan əsgərlərinə köçürülmüş Azərbaycan türklərini və mal-qaranı mühafizə etməyi tapşırmışdır.
Mehdiqulu xan Sisianovun nəzərini himayəsi altında apardığı adamlardan yayındıırmaq üçün cüzi qoşunla saysız rus qoşunlarının qabağını almış,müdafiə oluna-oluna geri çəkilmişdir.O,hətta düşmənləri belə heyrətə salmış,görünməyən mərdlik,zirəkliklə bir çox savaşdan sonra nəhayət,köçürülmüş camaatı öz yerlərinə qaytarmışdır.Mehdiqulu xan bu ağır vəzifəni yerinə yetirdikdən sonra qəhrəman sərkərdə Abbas Mirzə Qacarın yanına,müharibə meydanına qayıtmışdır.
Eçmiadzin ( Üçkilsə ) müharibəsi
Erməni xəlifəsinin olduğu yer-Üçkilsə,yaxud Eçmiadzində türklərin yaşamadığını düşünən Sisianov oraya hücum etmişdir.Üçkisənin Azərbaycan türklərindən olan əhalisi düşməni aldatmaq məqsədi ilə gizlənmiş,rus əsgərləri yaxınlaşdıqda qəfildən onlara atəş açmış və Abbas Mirzənin əsgərləri ilə birlikdə onlara atəş açmışdı.Bir neçə saat davam edən döyüş ərzində rus əsgərlərinin bir çoxunu həlak etmişdir.Üçkisə əhalsinin igidlk və cəsarətindən razı qalan Abbas Mirzə sabahısı gün qoşunları səfərbərliyə almaq və müharibə üçün cəbhəyə göndərmək əmrini vermişdir.İrəvan valisinin hiyləsinin,onun sursat və hərbi avadanlığa həmləsinin qabağını almaq üçün Abbas Mirzə sədrəzəm Mirzə Şəfi xana və Marağa valisi Əhməd xan Müqəddəmə tapşırıq vermişdir ki, hərbi sursatı,avadanlığı və Qacar əsgərlərinin Üçkisədə ruslardan aldıqları əvvəlki mövqelərdə mühafizə etsinlər.
Digər tərəfdən rus qoşunları sərkərdəsi əsgərlərini üç hissəyə bölüb biir-birindən yüz addım aralı məsafədə yerləşdirmiş və topları Qacar qoşununun işğal etdiyi mövqelərə çevirib atəş açmağa hazırlamışdır.
Abbas Mirzə böyük bacarıq,cəldliklə qoşununun cinah və mərkəzi hissələrini hücum üçün hazırlamış,cəsarət və igidliklə məşhur olan Şahsevən və Xocavənd tayfalarının ən görkəmli atlılarına hücum əmri vermişdir.
Atlılar əmri eşitcək,qılınclarını siyirib,dəhşətli bağırtılarla,ildırım tək rus qoşunlarına həmlə etmişdilər.Qəflətən hücuma məruz qalmış rus piyada hissələri toplardan atəş açmışdır.Lakin sınaqdan çıxmış.cəsarətli atlılar amansız top mərmilərinə etinad etmədən siyrilmiş qılınclarla düşmənin piyada dəstələri arasına soxulub,bir-birinin ardınca onları qılıncdan keçirmişdilər.Digər tərəfdən Abbas Mirzə Şahsevən və Xocavənd atlılarına yardım məqsədi ilə öz piyada hissələrinə hücum əmri vermiş,onlar da düşmənə qarşı döyüşə başlamışdılar. Nəhayət, Eçmiadzində üç gün gərgin və dəhşətli döyüşdən sonra Sisianov əsgərlərinə sürətlə şəhəri boşaldıb geri çəkilmək əmri vermişdir.
Rusların köməyinə ümid bəsləyən xəyanətkar İrəvan valisi Məmməd xan Qacar atlılarının hücumundan bərk qorxuya düşərək,vasitəçilik üçün sədrəzəm Mirzə Şəfi xana müraciət etmiş,onunla birlikdə Abbas Mirzənin yanına gedib günahlarının və xəyanətinin bağışlanmasını xahiş etmişdir.Abbas Mirzə onun günahlarından keçib yerinə qaytarmışdır. Məmməd xan İrəvana qayıtdıqdan sonra Naibüssəltənə Abbas Mirzəyə oğlu ilə birlikdə bahalı peşkəş və hədiyyələr göndərmiş,bir daha öz itaətini bildirmişdir.
Həmin qanlı döyüşdən sonra müharibə odu qısa müddətdə sönmüşdür. Lakin Sisianov Məmməd xanın Abbas Mirzəyə tabe olduğunu bildikdə yenidən İrəvana və o mahalda toplanmış Qacar qoşunlarına qəfildən həmlə etmək fikrinə düşmüşdür.Sisianov Abbas Mirzənin qoşununa qəfildən hücum etmişdir.Hücumu gözləməyən Qacar qoşunları qorxuya düşərək,İrəvan ətrafından geri çəkilmək məcburiyyətində qalmış, Sisianov isə İrəvan qalasını mühasirəyə almışdır.
Abbas Mirzə öz qoşunlarına görə düşmən qüvvələrinin çox üstünlüyünü hiss edərək, bu vaxt Qacar qoşunlarının qərargahının mərkəzi Sultaniyyə Çəmənində yaşayan atası Fətəli şaha bütün hadisələri ətraflı surətdə yazmışdır.Fətəli şah isə vəliəhdə yardım məqsədi ilə Azərbaycandan hərəkət etmiş,Araz çayından keçərək İrəvanın üç ağaclığına, Abbas Mirzə qoşunlarının düşərgəsinə gəlmişdir.
Rəşt və Porbazar savaşı
Sisianov Abbas Mirzənin nəzərini Qafqazdakı başqa nöqtəyə cəlb etmək məqsədi ilə Şaft adlı təcürbə görmüş,məharətli polkovniklərdən birinə tapşırıq vermişdir ki,12 hərbi gəmi,bir çox əsgər və güclü top qüvvələri ilə birlikdə Gilan limanına çıxıb,buradan hücuma başlasın. Sisianovun Gilan tərəfdən hücuma keçməkdə məqsədi o idi ki,uğur əldə etdiyi təqdirdə Qacar dövlətinin Azərbaycan ərazisində yerləşən paytaxtı Tehran şəhərini ələ keçirsin.Lakin Gilan əhalisinin fədəkarlıq və qoçaqlığı nəticəsində rus komandanlığının hərbi arzuları,planları tamamilə puça çıxarılmışdı. Şaft hərbi gəmilərlə birlikdə Xəzər dənizindən keçərək çoxlu çətinliklərdən sonra Ənzəli limanına çıxmışdır.Ənzəlidəki gözətçilər müqavimət göstərə bilməyərək geri çəkilmiş,rusların hücum xəbərini bütün şəhərə yaymışlar.Vətənpərvər və möhkəm iradəli Gilan valisi Mirzə Musa Münəccimbaşı bütün Rəşt əhalisini cihad etməyə çağırmış,şəhər az müdafiə qüvvəsilə hücumçulara qarşı müqavimət göstərib döyüşməyi qərara almışdır.
Düşmənə qarşı müdafiəni təşkil etmək üçün sıx meşəlikdən və bataqlıqdan istifadəni münasib bilən Mirzə Musa Rəşt müdafiə qüvvələrini geniş meşə və bataqlığı olan Porbazarda toplamışdır.Rəşti almaq üçün Porbazar yolundan keçməli olan Şaft Qacar dövləti müdafiəçilərinin pusduqları düşərgəyə doğru irəlilədikdə qəfildən onların amansız tüfəng atəşinə rast gəlmişdir.
Birinci hücumda rus əsgərlərinin çoxusu bataqlığa düşüb həlak olmuşdur. Bu vaxt rus komandanlığı Qacar dövləti müdafiəçilərinin mövqe tutduqları meşəyə toplardan atəş açmağı əmr etmiş,onların üstünə dəhşətli top mərmiləri yağdırmışdır.Lakin müdafiəçilər bir addım da geri çəkilməyərək əvvəlki ruh yüksəkliyi və igidliklə müdafiəni davam etdirmiş,hücumçu rus qoşunlarından yüz nəfərini həlak etmişdilər.Uğur əldə etmək və planın həyata keçirilməsi işində tamamilə ümidini itirmiş Şaft geri çəkilmək məcburiyyətində qalmışdır.
Öz gücünə güvənən,düşmənin məğlub edildiyini görən müdafiəçilər yenidən həmləyə girişmiş,düşmən əsgərləri öz gəmilərinə yetişənə qədər bir çoxunu həlak etmişlər.Qalan rus əsgərləri isə özlərini Ənzəli limanına yetirmiş gəmilərə minib qaçmışdılar.
Digər tərəfdən Abbas Mirzə Gilanda düşmənlərin məğlub edilməsi xəbərini eşidib sevinmişdi.Gəncəni qəti olaraq əldə etmək üçün yola düşmüşdür.O, Damğanlı İsmayıl xanı bir dəstə əsgərlə,ön xətdə Sisianova qarşı müharibə açmaq üçün göndərmişdir.İsmayıl xan rus qoşunlarının işğal etdikləri Gəncə qalasını mühasirəyə alıb Abbas Mirzənin gəlməyini gözləmişdir.Abbas Mirzə arxadan yetişib birinci döyüşdə Gəncəni rus qoşunlarının əlindən qurtarmışdır. Şəhər əhalisinin rusların hakimiyyətində əzilərək, ərzaqsız, ac və bədbəxtlk içində yaşadığını gördükdə Abbas Mirzə onların beş min nəfərinin atlara mindirilib Təbrizə aparılması və orada yaşayış şəraitinin təmin edilməsi haqqında əsgərlərinin bir hissəsinə tapşırıq vermişdir.
Ardı var