Nəriman Əbdülrəhmanlı
Təəssüf ki, qismətimə böyük qırğız yazıçısı Çingiz Aytmatovla birbaşa ünsiyyətdə olmaq düşməyib, onu yalnız 2008-ci ildə, Bakıya son səfəri zamanı Azərbaycan Yazıçılar Birliyində canlı görmüşəm.
Amma təsvir elədiyi aləmlə, qəhrəmanlarıyla mənəvi bağlılığımı həmişə hiss eləmişəm. “Manas”dan sonra “Cəmilə”, “Köşək gözü”, “Ana tarla”, “Erkən durnalar”, “Əlvida, Gülsarı”, “İlk müəllim”, “Ağ gəmi” povestləriylə qırğız ədəbiyyatını və mənəviyyatını dünyaya tanıdan yazıçı “Dəniz kənarıyla qaçan alabaş”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar yıxılanda (Əbədi gəlin)” əsərləriylə bəşəriyyətin qlobal oroblemlərinə toxundu, “Kassandranın tacı” romanıyla “yer cazibəsi”ndən qopdu, qəhrəmanlarını kosmik məkana köçürdü, sivilizasiyanın taleyini kosmik səviyyədə axtardı.
Dəfələrlə Ədəbiyyat üzrə Nobel mükafatının nominantlarından biri olan bənzərsiz söz ustası ən böyük ödülünü oxucularından alıb: əsərləri dünyanın əksər xalqlarının dilinə çevrilib, yüz min nüsxə tirajla yayılıb, üstəlik, bu, onun cismani yoxluğundan sonra daha geniş vüsət alıb
1.Şəkər aulundan dünyaya
Çingiz Törəkululı 1928-ci ilin dekabrın 12-də türk-qırğız eli Talas vilayətinin Şəkər aulunda dünyaya gəlib. Tanınmış dövlət xadimi olan atası Törəkul Aytmatov 1937-ci ildə millətçilik ittihamıyla həbsə alınıb, 1938-ci ildə isə qısa sorğu-sualdan sonra güllələnib. Aytmatovlar nəslinin bütün kişilərinin də taleyinə bu cür faciə düşüb. İctimai fəal, tatar mənşəli anası Naqimə Abduvəliyeva “xalq düşməni”nin övladlarını – ilki Çingizi, İlgizi, Reva (körpə vaxtı vəfat eləyib), Lyusiya və Rozettanı – böyütmək üçün, sözün əsl mınasında oddan-lovdan keçib, kolxozda hesabdar işləməyə belə razı olub.
Uşaq yaşlarından zəhmətin dadını görən, yeniyetməliyi ağır müharibə dövrünə düşən Çingiz qonşu Pokrovka kəndindəki rusdilli məktəbin səkkizinci sinfini bitirəndən sonra kolxozda işləyib, müharibə başa çatan il Cambul Zootexnikumuna daxil olub, 1948-ci ildə oranı, 1953-cü ildə isə Bişkək Kənd Təsərrüfatı İnstitutunu əla qiymətlərlə bitirib.
Çingiz Aytmatov yaradıcılığa da elə tələbəlik illərindən, həm də şeirlərlə başlayıb. 1952-ci ildə “Qəzetçi Dzyuyo” adlı ilk hekayəsi işıq üzü görüb, sonra “Aşim”, “Biz irəli gedirik” hekayələrini dərc etdirib. 1953-cü ildə təhsilini başa vurandan sonra Moskva Ali Ədəbiyyat Kurslarına getmək istəsə də, “xalq düşməni”nin oğlu olduğuna görə arzusuna çata bilməyib. Üç il Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışıb, doğma dilində “Üz-üzə” povestini qələmə alıb. Şəxsiyyətə pərəstişin ifşası sayəsində atası 1956-cı ildə bəraət alandan sonra arzusuna çatıb, Ali Ədəbiyyat Kurslarının dinləyicisi olub. “Üz-üzə” povestinin 1957-ci ildə “Ala-too”, 1958-ci ildə “Oktyabr” jurnalında, “Cəmilə” povestinin isə “Novıy mir” jurnalında dərc olunması (əsəri həmin il məşhur yazıçı Lui Araqon fransız dilinə çevirib) ədəbiyyata çox istedadlı, həm də ciddi bir imzanın gəldiyindən xəbər verib.
Çingiz Aytmatov ilk hekayə və povestlərini qırğız dilində qələmə alıb, rus dilinə tərcüməçilər çeviriblər, sonra isə əsərlərini özü tərcümə eləyib, növbəti mərhələdə isə elə rus dilində də qələmə almağa başlayıb. Bu, o dövrdə dünyaya çıxmağın əsas yollarından biri idi.
Moskvada təhsilini başa vuran Çingiz Aytmatov “Literaturnaya Kirqiziya” jurnalının baş redaktoru, “Pravda” qəzetinin Orta Asiya və Qazaxstan üzrə xüsusi müxbiri kimi çalışıb, eyni zmanda da bədii yaradıcılığını davam etdirib. “Qırmızı yaylıqlı qovağım mənim” (1961), “Köşək gözü" (1961) və “İlk müəllim” (1962), Ana tarla” (1963) povestləri və “Dağlar və səhralar povestləri” (1963) toplusu 1963-cü ildə 35 yaşlı yazıçıya dövrün ən nüfuzlu mükafatlarından biri olan Lenin Mükafatını qazandırıb. O vaxtdan da Çingiz Aytmatov təkcə sovet məkanında deyil, xarici ölkələrdə də tanınmağa başlayıb.
“Əlvida, Gülsarı!” (1966), “Ağ gəmi” (1970), “Erkən durnalar” (1975), “Dəniz kənarı ilə qaçan alabaş” (1977), “Əsrə bərabər gün” (1980), “Edam kötüyü” (1986) romanları isə onun dünyamiqyaslı fikir adamı və qələm sahibi olduğunu bir daha təsdiqləyib. Bu əsərlər yazıçıya üç dəfə SSRİ Dövlət Mükafatı (1968, 1977, 1983), Qırğızıstan Dövlət Mükafatı (1977) və “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı (1978) qazandırıb, “Qırğızıstanın Xalq yazıçısı” (1968) fəxri adına layiq görülüb, republika EA-nın akademiki (1974) seçilib.
2.Şöhrətə gedən daşlı-kəsəkli yol
Çingiz Aytmatovun yaradıcılıq yolu indi təsəvvür edildiyi qədər hamar olmayıb. Elə ilk povestinin (“Üz-üzə”) qəhrəmanı, “Bu mənim müharibəm deyil” məntiqiylə cəbhədən qaçan İsmailin yaşantılarını əks etdirən əsər birmənalı qarşılanmamışdı. Üstəlik, müəllifi də içində yaşadığı ideoloji çərçivəsini nəzərə alıb bir sıra epizodlardan vaz keçməli olmuşdu.
“O vaxt beynimə, məhz qolçomaqların ləğvi mövzusu ilə bağlı olduğuna görə, povestə daxil etməyə cəsarət göstərmədiyim bir süjet gəlmişdi, - sonralar əsər üzərində təkrar işləyən Çingiz Aytmatov yazacaqdı. - İndi isə bütöv bir fəsil bərpa olunub, həmin fəsildə qəhrəmanımın anasını haqlayan ölümdən, lap yaxınlıqda ola-ola hətta onu dəfn edə bilməməsindən söz açılır. Ana öz ölümü ərəfəsində oğlunun çıxılmaz vəziyyətini görür, ona qaçıb bir vaxtlar qolçomaq qardaşlarının daldalandıqları yerə getməsini təklif edir. Elə həmin məqamda da faciəvi mövzuların zəruri əlaqəsi başlayır”.
Daha sonralar, artıq şöhrətli yazıçı olanda, sanballı mükafatlara layiq görüləndə belə, onu bir çox məsələlərdə günahlandırıblar, amma o şöhrətin və mükafatın arxasında böyük istedad, hədsiz zəhmətsevərlik durduğunu unudublar. “Cəmilə”, “Ağ gəmi”, “Əlvida, Gülsarı!” povestlərinin, “Edam kötüyü”, “Əsrə bərabər gün” romanlarının, “İlk müəlim”, “Ana tarla”, “Bürkü” ssenarilərinin taleyi də çətinliklərdən keçib.
“Ağıldan bəla” ədəbiyyat məmurları və redaktorlar yazıçının əsərlərini “redaktə” eləyirdilər. “Əsrə bərabər gün” romanının 1980-ci ildəki ilk çapında bir parça ixtisar olunmuşdu. Əsərin qəhrəmanı Yedigey köhnə dostu olan müəllimi və arvadını ağsaqqal akademik Çaadayla tanış eləyir. Ərtaf aləmin dərki strukturuyla bağlı alimdən eşitdikləri fikirlər onların düşüncələrini tamamilə dəyişdirir: “Özləri də bilmədən Çaadayın düşüncələrinə toxunan Sarıözək didərginləri Abutalip və Zərifənin qəlbində anlaşılmaz ağırlıq hökm sürürdü... Çünki o, mövcud ideologiyanın əksinə olaraq, müəyyən bir ali mənsəbin varlığını gizlətmirdi. Öz Allah-rəhbərləri olan milyonlarla adamın səmimi-qəlbdən kiməsə on min il ömür arzuladığı həmin ideoloji instinkt qəddarcasına ümumdünya qarşıdurmasına, birbaşa Allahla rəqabətə tuşlanmışdı; həmin ideologiya Allah vasitəsiylə insanın düşüncəsini də, iradəsini də, ruhunu da özünə tabe eləməli, addım-addım ürəkdən-ürəyə girməklə bütün yer kürəsini çulğamalı və ram eləməliydi...”
Yazıçının bu öncəgörməsi dünyada baş verən hadisələrlə artıq çoxdan təsdiqlənib, yaxın gələcəkdə gözlənən proseslər də oxucuları narahat eləyir. O, “Edam kötüyü” romanında narkomaniyanın ümumi bəla olduğu qənaətinə gəlmişdi. Həmin vaxt hamı yazıçıyla razılaşır, amma heç kəs bu fəlakətin qurbanı ola biləcəyini etiraf eləmək istəmirdi...
Çingiz Aytmatov Qırğızıstan Yazıçılar İttifaqının birinci katibi, “İnostrannaya literatura” jurnalının baş redaktoru, Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinin rəhbərlərindən biri, SSRİ Alli Sovetinin deputatı kimi çoxlu ictimai vəzifələr daşımasına baxmayaraq, yaradıcılıq duyğusunu itirməməyə çşalışırdı.
3. “Yazmaq lazımdı, oturub yazmaq...”
“Yenidənqurma və aşkarlıq”, onun ardınca gələn müstəqillik ilərində Çingiz Aytmatovun həyat tərzi da, mövzuları da dəyişdi. Yazıçı 1990-1994-cü illərdə SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki, sonra isə ömrünün axırınadək 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belkçika, Lüksemburq və Niderlanddakı səfiri oldu, məşhur “İssık-Kul Forumu”nu təşkil elədi, 1998-ci ildə “Qırğızstan Qəhrəmanı” fəxri adına layiq görüldü.
O, əslində qazandığı şöhrətin kölgəsində rahatca ömür sürə bilərdi – əsərləri dünyanın yüzdən artıq dilinə çüvrilmişdi, kitabları yüz min nüsxə tirajla nəşrr olunur, satılır, hər bir əsəri ədəbi aləmdə hadisəyə çevrilirdi, fantast olmasa da, öz düşüncələrinində zamanı qabaqlamaq kimi Allah vergisinə sahib idi.
Amma elə hey təkrar eləyirdi: “Yazmaq lazımdı, oturub yzmaq...” Yazırdı da. Həmin dövrdə də “Qar içində Məryəm Ana” romanından parçalar (1988) dərc etdirdi (fikrimizcə, sonralar ayrıca hekayə kimi təqdim edilən “Baxiana” da həmin əsərdən parçadı), sonra tarixə üz tutdu, “Çingizxanın ağ buludu” povestini qələmə aldı, “Əsrə bərabər gün” romanını senzurasız (1991) nəşr etdirdi, “Kassandranın tacı” fantastik romanını (1996) romanını oxucuların ixtiyarına verdi.
““Qar içində Məryəm Ana” romanını bitirə bilmədim, - sonralar yazıçı təəssüflənirdi. – Yenidənqurma başlandı, hər şey baş-ayaq oldu. İndi bilmirəm, ümumiyyətlə, o əsəri bitirməyə hövsələm çatacaq, ya yox? Məsələ burasındadı ki, əsərdə çox şey stalinizmlə bağlıdı. Amma indi meydanı elə tapdayıblar ki, adam ayağını qoymağa qorxur. Hər şryi mənasızlaşdırıblar”.
Bəlkə elə buna görə də Çingiz Aytmatov “Kassandranın tacı” romanını qələmə aldı, düşüncənin qloballığı və kosmik miqyaslı fikirlərin bədii həlliylə seçilən, kəskn süjetli, eyni zamanda, yaşadığımız çağ haqqında fəlsəfi hekayət olan roman dərhal dünya ədəbiyyatında hadisəyə çevrildi.
“Kassandradan sevgisinə qarşılıq ala bilməyən Apollon onu öncəgörmələrini puça çıxarmaqla cəzalandırır”, - rahib Filofeyin faciəvi kosmik tarixçəsi yaxıçının qədim yunan mifologiyasından gətirdiyi bu epiqrasla başlayır. Əsərin qəhrəmanı dünyasını dəyişməzdən qabaq insanlara deyir: “Kassandranın nişanı nə ayıbdı, nə rüsvayçılıq. Heç də belə deyil. Artıq izah eləmişəm ki, bu, bizdə nəsildən keçə-keçə yığılmış şər barədə xəbərdarlıq eləyən kassandro-embrionun reaksiyasıdı. Məhşər günü öz içimizdədi, bu tac isə ondan xəbər verir. Son günlər gördüklərimin və eşitdiklərimin hamısı həşflərimin açıq-aşkar vaxtından əvvəl yarandığını, bu səbəbdən də çağdaşlarımın onları başa düşmədiklərini sübut eləyir. Elə buna görə də qəti olaraq qeybə çəkilmək, həyatdan getmək, alnıaçıq, üzüağ aradan çıxmaq qərarına gəlmişəm, xoşbəxtəm ki, bunu kimsənin sahib olmadığı kosmosda gerçəkləşdirə bilərəm...”
4.Ədəbiyyat, ruh və din
“Kassandranı tacı” romanı bütün bəşəriyyətə xəbərdarlıqdı, həm də ruhi və dini axtarışlarında tərəddüdlər keçirən insanın etirafını xatırladır. Roman çapdan çıxanda bəzilərinə elə gəldi ki, cəmiyyət Çingiz Aytmatovun simasında daha bir yazıçını itirib, əvəzində əxlaq moizəçisi qazanıb.
“Belə deyil, - onda Çingiz Törəkululı deyirdi. – İnsan yaşlaşdıqca həyatın ümumi məsələləri üzərində düşünməyə başlayır. Əsl ədəbiyyat özündə çox şeyləri, o sıradan da dini duyğuları ehtiva eləyir. Daha doğrusu, insana gündəlik həyatında - xüsusilə də siyasətdə - aid olan dini sahəyə də şamil edilir. Mənə elə gəlir, insanın ruhu qəlibə salınmamalıdı. İlahi Ruha oxşayan bu ruh onun kimi hər şeyi çulğamalıdı. Dünyada elə hadisələr baş verir ki, heç bilmirəm onları kim və nə vaxt yazacaq. Hələ ki, baş verənləri ümumiləşdirmək, dərk eləmək olmur, hər şey Xaostan yeni dünyanın yaranmasını xatırladır. Çağımızın insanı kimdi? Bədi obrazlarımda bu probleçə yaxınlaşmağa çalışmışam”.
Bəlkə, elə buna görə, Çingiz Aytmatov 1990-cı ildə ziyalı və ədəbiyyat, ziyalı və hakimiyyət, ziyalı və xalq mövzularında yapon yazıçısı Daysaku İkedayla apardığı davamlı dialoqunu “Ruhun böyüklüyünə oda” adı ilə nəşr etdirdi. “Məncə, ədəbiyyat və ziyalılar müharibələrin törədilməsində çox günahkardılar, - yazıçı deyirdi. – Bəzən mitinqdəki sayaq insanları yerlərindən oynadan sözlərimizlə o münaqişələri özümüz qızışdırırıq”.
Ədəbiyyatı həmişə “vicdan məsələsi” sayan Çingiz Aytmatov bu məsələdə nikbin ovqatda deyildi: “İndi “vicdan” anlayışının özü belə, it-bata düşüb. Vicdanı lağa qoyur, alçaldır, qiymətdən sallırlar. Elə təsəvvür yaradırlar, guya, bu arxaik sözdü. Amma ədəbiyyata və incəsənətə texniki tərəqqi elementi kimi baxmaq olmaz, çünki onlar mahiyyətcə köhnəlmirlər. Əxlaqi, mənəvi, etik normalar hər bir texniki nailiyyət zamanı qiymətini itirmir”.
Çingiz Aytmatovun yaradıcılığında xristian dəyərlərindən söz açılsa da, yazıçı dini axtarışlarında bəhaizmə üz tutub, 1998-ci ildə Feyzolla Namdarla söhhbətlərinin yekunu kimi, “Bir bəhai ilə gtörüş” kitabı işıq üzü görüb. O, söhbətlərində millətsevər olduğunu, amma millətçi ekstremizmə qarşı çıxdığını daim vurğulayıb:“Taleyim elə gətirib k, ikidilli yazıçı olmuşam, qırğız və rus mdəniyyətlərinin övladıyam. Məni bu məsələdə kimsə günahlandıra bilməz. Fərq yalnız dillərdədi, mahiyyət isə eynidi: ədəbiyyat...”
Ədəbiyyata təmənnasız xidməti Çingiz Aytmatova vətəni Qırğızıstanın, keçmiş SSRİ-nin, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Polşanın... ali dövlət təltiflərini, çoxsaylı mükafatlarını, o cümlədən, Avropa Ədəbiyyat, İtaliya Mədəniyyət, Beynəlxalq Cavahirləl Nehru, Viktor Hüqo.. mükafatlarını qzandırıb...
5.Yazıçının sonuncu peyğəmbərliyi
Çingiz Aytmatovun 2005-ci ildə Brüsseldə bitirdiyi “Dağlar yıxılanda (Əbədi gəlin)” romanı növbəti illər Moskvada bir neçə dəfə kütləvi tirajla işıq üzü gördü, dərhal da ədəbi aləmin diqqətini çəkdi, qırğız, türk və başqa dillərə çevrildi. Ədib baş qəhrəmanı, müstəqil jurnalist, həqiqət aşiqi Arsen Samançinin simasında sanki yer aləmiylə - fani dünyayla – vidalaşır. “...Romanda yenidənqurmadan sonrakı qloballaşmanın konkret insanların həyatına necə təsir etdiyini, bizi necə dəyişdiyini göstərməyə cəhd etmişəm... Əbədi gəlin sırf mifoloji qəhrəmandır. İki-üç yüz il keçməsinə baxmayaraq, iftira atılmış qız hələ də dağlarda dolaşır və sevgilisinin həsrəti ilə yanır, ona olan sədaqətini anlatmağa və sübut etməyə çalışır. Mənə görə bu əfsanənin simvollaşdırdığı tək bir dəyər var: Eşq - insanın sahib olduğu ən uca dəyərdi...”, - o, müsahibələrinin birində deyirdi.
Çingiz Aytmatov bu inamda idi ki, mif öz-özlüyündə xalq düşüncəsinin gücünü əks etdirir, amma miflərə nə qədər meyl etsək də, bilməliyik ki, ədəbiyyatın əsas predmeti insandır.
O illərdə Qırğızıstan Qar Bəbirlərini Müdafiə Cəmiyyətinin prezidenti olan Çingiz Aytmatov əsərdə öz sürüsündən qovulmuş Jaabars adlı qar bəbirinin hekayətini də qələmə alıb. Əslində, Arsen Samançin və Jaabarsın yolları çıxılmazlıqda – mağarada kəsişir. Zəmanədən yaxşı baş çıxaranlar sanballı məbləğ müqabilində ərəb şahzdələri üçün qar bəbiri ovu təşkil eləyirlər. “Yenidənqurmanın azmış durnası” olan Arsen mənəvi azadlıq aşiqidi, meloman kimi musiqini bəşərin ali azadlığı və gözəlliyi sayır, opera müğənnisi Aydanaya aşıq olur, uşaq vaxtı eşitdiyi Əbədi Gəlin əfsanəsini opera səhnəsinə qoymaq və Aydananı həmin operada əsas rolda görmək arzusuyla yaşayır. Amma qız asan şöhrət yolunu seçir, restoranlarda, stadionlarda oxumaqla pop ulduzu olur, “Əbədi Gəlin”i roka, yüngül estradaya qurban verir.
Əfsanə isə Eleslə Arsenin simasında tamamlanır. Sanki dağlar da onların sevgisinin intizarında imiş. Lakin ümidlərin də dağlar kimi yıxıldığı zamanlar olur. “Hamı və bütün zamanlar üçün bircə mütlər həqiqət var – heç kəs taleyinin necə olacağını, alnına nə yazıldığını qabaqcadan bilmək iqtidarında deyil, kimə nə tale bəxş edildiyini yalnız həyat özü göstərir, yoxsa olub-keçəni heç tale də adlandırmaq olmaz...”, - yazıçının gəldiyi nəticə budu...
6.Dünyaya verilən suallar
“İnsanlar niyə belə yaşayırlar? Niyə adamların bəzisi xeyirxah, bəsizi isə qəlbiqara olur. Niyə dünyada xoşbəxtlər və bədbəztlər var? Niyə bəzi adamlardan hamı qorxur, bəzi adamlardan isə keç kəs qorxmur? Niyə birinin uşaqları var, o birinin yoxdu?” “Ağ gəmi” povestinin yeddi yaşlı qəhrəmanını narahat eləyən bu düşüncələr dünyaya verilən əbədi suallardı.
Az qala, yetmiş il sonra uşaqlığına könlü istədiyi kimi qayıda bilməyən, vaxt qıtlığından əziyyət çəkən, diplomatik qayğılarıyla yanaşı, Qırğızıstanın YUNESKO-dakı nümayəndəsi, Avropa Paqrlamentinin deputatı kimi məsul vəzifələr daşıyan Çingiz Aytmatov uşaqlıq və yeniyetməlik illərinin xatirələrini qələmə almaq arzusuyla yaşayırdı. O xatirələrin bir qismini ilk povestlərində, “Balaca əsgər”, “Sıpayçı”, “Kor yağış”, “Oğula görüş”, “Qızıl alma”, “Quraqlıqda” və başqa hekayələrində bədiiləşdirsə də, memuar şəklində qələmə almaq barədə düşünürdü. 1997-ci ildə işıq üzü görən “Nağıllar” toplusu da elə bu istəkdən yaranmışdı.
Yazıçının bu arzusu tərcüməçisinin sayəsində gerçəkləşdi. Daim əlində diktofon ona həyatı, müharibə çağlarına düşən yeniyetməliyi, məktəbdə oxuduğu illər, yaradıcıllığının qaynaqları barədə suallar verən tərcüməçi 1998-ci ildə alman dilində “Qırğızıstanda keçən uşaqlıq” adlı kitab nəşr etdirdi. “Ona, məsələn, böyük nağılçı olan, çoxlu əfsanə bilən nənəmdən söz açmışdım, - yazıçı deyirdi. – Mən məhz nənəmin sayəsində yazıçı olmuşam. Kitab danışdığım həyat hekayələrindən ibarətdi...”
Çingiz Aytmatov ömrünün çox qismini yaşadığı sovet rejiminin çatışmazlıqlarını tənqid eləsə də, o dövrü lənətləməyi ağlına belə gətirməyib. “İnsan öz həyatını necə lənətləyə bilər? – yazıçı təəccübünü bildirirdi. – Bunu yalnız sözdə demək olar. Axı tarixi inkar eləmək olmaz. Bu, tarixdi, ona dialektik yanaşmaq lazımdı. Çoxları o dövrü lənətləyib deyir, onda yaratmaq mümkün deyildi, indi isə mümkündü. Amma nədənsə çox az və dayaz yazıçlar ortaya çıxır. Bəlkə, məsələ, materialın müqavimətindədi? Axı müqəddəs söz yalnız daxili polemikada, ölü və əyri şeylərlə qarşıdurmada yaranır...”
7.Azərbaycanın böyük dostu
Çingiz Aytmatov cavan yaşlarından şəxsiyyəti, düşüncələri və yaradıcılığıyla bütün bəşəriyyətin övladına çevrilsə də, ömrü boyu soy-kökünü, mənsub olduğu xalqı unutmurdı, eyni zamanda, türk etnosuna sevgisini də dönə-dönə dilə gətirirdi. O, Azərbaycanı da sevir, mədəniyyət və ədəbiyyat xadimləriylə əlaqə saxlayırdı. İlk dəfə 1985-ci ildə Bakıya, istiqlal şairimiz Bəxtiyar Vahabzadənin 60 illik yubileyinə gəlmişdi. O vaxtdan yubileylərinin Bişkek və Moskvayla yanaşı Azərbaycanda da keçirilməsi ənənə şəklini almışdı.
2008-ci ildə Qırğızıstan keçmiş prezidenti Kurmanbek Bakiyevin fərmanı ilə Çingiz Aytmatovun 80 illik yubiley tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmış, Qırğızıstanda “Çingiz Aytmatov ili” elan edilmiş, vətənindən kənarda keçirilən ilk yubiley mərasimi Azərbaycanda baş tutmuşdu. Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu və Dünya Azərbaycanlıları Konqresinin Bakı nümayəndəliyinin dəstəyi ilə baş tutan səfərdə yazıçı bir sıra görüşlər keçirdi, Azərbaycan və Qırğızıstan respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Dostluq” ordeni, Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun qızıl medalı ilə təltif olundu.
Bu səfərdən az sonra, iyunun 10-da böyük ədib Almaniyanın Nürnberq şəhərində taleyindən daim narahat oduğu bu dünyayla vidalaşdı və doğma qırğız torpağında əbədiyyətə qovuşdu...
2012-ci ildə Çingiz Aytmatovun iş otağından hələ işıq üzü görməmiş “Torpaq və tütək” romanının əlyazması tapıldı. Romanın qəhrəmanı ötən əsrin 40-cı ilərində Qırğızıstanın ən böyük tikintilərindən biri olan Böyük Çuy kanalının inşasında çalışır, Çuy Buddasının böyük heykəlini tapır. Əminliklə söyləmək olar ki, hələ ədəbi aləmə təqdim edilməmiş bu əsər Çingiz Aytmatov yaradıcılığının daha bir qatını üzə çıxaracaq.
***
2023-cü ilin sıxıntılı qış günlərində çüvirdiyim “Dağlar yıxılanda (Əbədi gəlin)” romanı, “Üz-üzə” povesti və hekayələri böyük söz ustasının şəxsiyyətinə və yaradıcılığına sevgimin nişanəsi olmaqla yanaşı, həm də dünyaya son ismarıcını oxuculara çatdırmaq arzusundan qaynaqlanırdı. Onda ədibin 95 ilik yubileyinin yaxınlaşdığı barədə heç düşünməmişdim.
Amma xoş təsadüf üzündən Qırğız Respublikasının Azərbaycan və Gürcüstandakı səfiri Kayrat Osmanaliyevlə tanış olduq, ideyam onun diqqətini cəlb elədi, nəticədə ədibin oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatovun səmimi ön söz yazdığı kitab nəfis şəkildə işıq üzü gördü, təqdim olundu, həmin ilin dekabrında keçirilən yubiley tədbirində iştirakçılara paylandı.
2024-cü ilin aprelində keçirilən “Qırğız mədəniyyəti günləri” çərçivəsində Çingiz Aytmatovun abidəsinin açılışında iştirak eləmək, əsərlərinin tərcüməsinə görə, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin təltifinə layiq görülmək isə ədəbi taleyimə yazılan ən gözəl səhifələrdən biri oldu...