İranda yoxlamalar başladı, lakin kritik obyektlər bağlıdır - MAQATE


MAQATE İranda yoxlamaları bərpa edib, lakin əsas obyektlərə çıxışı yoxdur.

Turkustan.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi məlumat verib.

Qrossi iyun ayında İranın nüvə obyektlərinə edilən hücumlardan sonra yoxlamaların bərpasında hər hansı praktik irəliləyişin olub-olmadığı və MAQATE mütəxəssislərinin Nətənz, İsfahan və Fordo obyektlərinə nə vaxt yenidən giriş əldə edə biləcəyi məsələsinə toxunub.

“Bu, hazırda İranda qarşılaşdığımız ən vacib sualdır. Agentlik yoxlama fəaliyyətlərini bərpa etməyi bacarıb, lakin bu yoxlamalar çox məhdud xarakter daşıyır”, - deyə o bildirib.

MAQATE rəhbərinin sözlərinə görə, hazırda mütəxəssislərə yalnız zərbə endirilməmiş obyektlərə daxil olmağa icazə verilir: “Bu, müsbət haldır, çünki həmin obyektlər yoxlamaya cəlb edilən və razılaşdırılmış siyahıya daxildir. Bu, bizim üçün vacibdir. Lakin təbii ki, Nətənz, İsfahan və Fordodakı obyektlər daha önəmlidir. Çünki bu məkanlarda hələ də əhəmiyyətli miqdarda nüvə materialları və avadanlıqlar mövcuddur və biz ora qayıtmalıyıq”.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranı gizli hərbi nüvə proqramı həyata keçirməkdə ittiham edərək ona qarşı əməliyyata başlayıb. Hava zərbələri və təxribat reydləri nüvə obyektlərini, yüksək rütbəli hərbi komandirləri, tanınmış nüvə alimlərini və hava bazalarını hədəf alıb./publika.az


MANŞET XƏBƏRLƏRİ