Turanın gələcəyə birgə və bilgə ismarıcı


Əkbər QOŞALI

Deyir, bəzən tarix bir binanın təməlində yox, bir ideyanın nəfəsində başlayır.
“Turan Balabilgə Akademiyası” da elə bu nəfəsdə doğuldu – uzaqdan gələn çağırışla, yaxından gələn məsuliyyətlə, uzağı yaxın edən könül gözüylə!.. Türk dünyasının minillik yaddaşı ilə gələcəyin elmi-intellektual enerjisi bu layihədə ilk dəfə uşaq təxəyyülünün masasında, məktəb partasının üstündə görüşdü.

Yüz il öncə — 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultay türk aydınlarına necə yön verdisə, bu gün Balabilgə Akademiyasının quruluşu da eyni xəttin bir növ çağdaş davamıdır — deyə ümid edirəm. Aradakı yüz il dəyişdi, amma türkün öz səsini, öz sözünü, öz yolunu gələcəyə daşımaq kimi uca ərəki (məqsədi) dəyişmədi.

Bakıda keçirilən quruluş yığıncağında Qazaxıstandan Türkiyəyə, Qırğızıstandan Quzey Kıprısa, Türkmənistandan Qaqauz Yerinə, Azərbaycandan Özbəkistana uzanan geniş coğrafiyanın bir araya gəlməsi təsadüf deyil — bu, Turan coğrafiyasının ruh xəritəsinin gerçək konturlar almasıdır.
Burada artıq siyasi xəritələr danışmır; mədəniyyətin, tarixin, dilin ahəngi danışır, ritmi söyləşir.

HƏDƏF Liseyində qurulan “Turan çadırı”nın isə sadəcə dekor yox, bir simvol olduğu bəllidir:
Türk çadırı hara qurulursa, oranı mədəniyyət ocağına, ruh evinə çevirir.

Akademiyanın qurucuları və fəxri üzvləri — bilginlər, rektorlar, sənətkarlar, aydınlar — hər biri bu mexanizmin bütövləşdirməkdədir; ancaq əsl hədəf, əsl ümid bu günün balabilgələri, gələcəyin bilgili böyük insanlarıdır. Çünki Turanın sabahı önəmli dərəcədə məktəbdə, auditoriyada, kitabda, düşünən gəncin gözlərində başlayır.

“Balabilgə”… Bala — gələcəyin işığıdır, bilgə isə həmin işığın minillik yaddaşla tamamlanmış forması. Bu Akademiya həmin iki enerjini birləşdirir:
çağdaş təhsil üstəgəl türk zəka, yaradıcılıq irsi.

Burada yetişəcək gənclər nə ancaq tarixə baxacaq, nə də yalnız texnologiyaya – hər ikisini öz ruhunda sintez edərək Türk dünyasının XXI yüzil modelini yaradacaqlar.
Onlar həm Orxon abidələrini oxuyacaq, həm süni intellekt proqramlayacaq; həm Qorqudun nəfəsini duyacaq, həm də gələcəyin qlobal mədəniyyət kodlarını çözəcək.

Bu Akademiya bir məktəb olaraq Turanın gələcəyə yazdığı ismarıcdır. Bu ismarıcın ünvanı bütün türk elləridir.

Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi bu təşəbbüsün ideya sütununa çevrilib. Əslində bu layihə həm də Azərbaycanın Türk dünyasının ocağı kimi formalaşmasının daha bir örnəyidir: burada düşüncə də birləşir, elm də birləşir, gənclik də birləşir.

Bu gün təsdiq olunan tüzük (nizamnamə), seçilən başqanlıq, təltiflər — bunlar formadır.
Məğz isə Turan balalarını bilginliyə, bilginliyi isə gələcəyə çevirmək kimi bir məsuliyyətdir.

Bu Akademiya zamanın özünün yazdığı bir çağırışdır:
Bilgili ol, amma uşaq təmizliyi ilə;
gələcəyi qazan, amma keçmişi itirmə;
özün ol, amma Turansız olma…

Bəlkə də bir gün Turan Balabilgə Akademiyasının bu günkü balaca üzvləri Türk dünyasının gələcək alimləri, sənətkarları, mühəndisləri, dövlət adamları olacaq…

Turanın sabahı öz əlimizlə yazılacaq.

Turan Balabilgə Akademiyası – tarixdən gələn işığın gələcəyə yönəlmiş yeni şüasıdır. O şüa ortaq türk bayrağında əks olunan şüaların eynisidir…


MANŞET XƏBƏRLƏRİ