İNAM ATA (ASİF ATA) - Yerdəkilərin göy həsrəti


İnam Ata (Asif Ata) Hüseyn Cavidin yaradıcılığı haqqında məşhur “Yerdəkilərin Göy Həsrəti” (1987) adlı fəlsəfi-tənqidi əsərini yazıb. Cavid mövzusunda bir neçə yazı yazmışam. “Asif Atanın fəlsəfi-bədii tənqidi” əsərimin bir fəsli Atanın Cavidlə bağlı fikirlərinin şərhidir. Cavid nəinki Azərbaycanın, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamıdır. Onun əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi…

Hüseyn Cavid yaşadığı çağa, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir. Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi. Cavid “Şeyx Sənan”da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir. Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir. Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir. Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər.

Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır. Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar.

Atanın Cavidlə bağlı əsərindən bir hissəni sunuram.

İŞIQLI ATALI

***

İNAM ATA (ASİF ATA)

YERDƏKİLƏRİN GÖY HƏSRƏTİ

(Fəlsəfi-bədii məqam)

IV YAZI

(Önü ötən saylarımızda)

GÖYSÜZLÜK SÜNİLİYİ

Çağırır Cəlalları şəhər dəbdəbəsi, möhtəşəmliyi, nəşəsi, bəzəyi; çağırır və məhv edir.

Sünilik, mənəviyyatsızlıq, qəddarlıq, əyyaşlıq uçurumuna düşürlər Cəlallar, yadlaşma azarından doyunca bəhrələnirlər.

Təzə vəhşət, rəzalət, heybətli Göysüzlük görünür təzə Yerdə.

“Hər yanda bir göstəriş, bir vəlvələ,

Hər çöhrədə bir dəsisə, bir hiylə.

Hər addımda bir xəyanət, bir fəsad,

Hər nəfəsdə bir ah, sönük bir fəryad”.

Ruha yer olmur Göysüz Yerdə, nura yer olmur!

Möhtəşəm yersizlik yaranır Yerdə – ülviyyətdən məhrum.

GÖY TƏBİİLIYİ

Doğmalıq, məhrəmlik, düzgünlük tapırlar adamlar kənddə. Sabitlik, qədimlik, əbədilik tapırlar.

Təbiiliyə tapınırlar, sünilikdən qorunurlar – ömür təzələnir Göy havasında.

“Göy həyatı gurultusuz bir həyat,

Orda bütün xilqət, bütün kainat,

Təsliyyət şəhpəriylə ruhu oxşar”.

Göylənir Yer kənddə, ömürləşir. Xatirələşir.

“Bütün səadətli günlərim,

Bütün eşqim, hissim, xəyalım,

Fərəhli dəmlərim, hüznüm, məlalım

Gülər mənə göyün hər guşəsində”.

Doğmalaşır Göylə Yer kənddə.

YER FƏLAKƏTİ – GÖY NİCATI

“Uçurum: duyduğum həqiqət, xəyal,

Uçurum: uçurum yaldızlı amal,

Uçurum: çağlayanlar, kəhkəşanlar,

Uçurum: dənizlər, dağlar, ormanlar,

Uçurum: üfüqlər, əngin fəzalar,

Uçurum: uçurum çılğın dəhalar,

Uçurum: bu çirkin, bu alçaq həyat,

Uçurum: uçurum bütün kainat”.

İnsan özünə, öz xəlqi mahiyyətinə yad olanda dünya ona uçurum görünür.

İnsan özünə, öz xəlqi mahiyyətinə çatanda dünya onun gözündə Göyləşir.

Yer fəlakətinin Göy nicatı var.

GÖYSÜZLÜK İBLİSLİYİ. GÖYSÜZLƏR FƏRYADI

İblis hakim olub ürəklərə, idraklara, iradələrə; iblisləşib duyğular, fikirlər, niyyətlər. İblis sahib olub Göysüzlərə. Dəhşət qalxır Yerdən Göyə, dəhşətə tapınırlar Göysüzlər.

İblisə qalıb dünya, dördnala çapır atını, rəzalət yayır hər yana.

“Ya rəbb, bu nə dəhşət, nə fəlakət,

Ya rəbb, bu nə vəhşət, nə zəlalət?!

Yox kimsədə insaf, mürüvvət!”

(“İblis”dən)

Göysüzlük vəhşəti, həqarəti törəyib Yerdə – iblisanə!

İnsafsızlıq, mürüvvətsizlik törəyib Yerdə – iblisanə!

Həddi yox, sərhəddi yox vəhşətin, həqarətin, fitnənin, fəsadın, lənət doğulub Yerdə – möhtəşəm!

“Ya rəbb, bu cinayət, bu xəyanət, bu səfalət

Bulmazmı nəhayət?!

Yüz min deyil iblisə uyan, həp bəşəriyyət

Etmiş bu gün ev yıxmağa, qan içməyə adət!”

Həddi yox, sərhəddi yox Göysüzlüyün, iblisliyin, altuna, şəhvətə tapınanların, ev yıxıb qan tökənlərin, ülfətsizlərin, şəfqətsizlərin, rəhmətsizlərin.

“Sizlərdəki ülfət, sonu vəhşət,

Sizlərdəki şəfqət, sonu nifrət,

Sizlərdəki rəhmət, sonu lənət!

Azğınlaşır, pozğunlaşır, hərisləşir, harınlaşır, naşılaşır, vəhşiləşir adamlar Göysüzlükdə.

“Bilməm bu cinayət, bu xəyanət, bu fəlakət

Bitməzmi dahı, bu qədər səbrə nə hacət?!”

Zülmət çökür Yerə iblisanə, ağıl yolunu azır, duyğular hərcayiləşir, iradələr sarsılır.

Duyduqca, düşündükcə olur qəlbimə tarı,

“Min şübhəli illət.

Min dürlü həqiqət mənə xəndan, həpsində də zülmət!”

Göysüzlük bəlasına düçar olub Yer və Yer əhli uzanır Göyə, xilas diləyir Göylü, Göy istəyi yaranır Yerdə – həsrətli, hərarətli, ülvi.

“Ey varlığı yox, yoxluğu vardan daha dilbər,

Ruhum səni izlər.

Lütf et, gözəl çöhrəni bir an mənə göstər,

Könlüm səni izlər!”

Yer tanrısına üz tutmur yerdəkilər, mövhumat, xurafat allahlarına üz tutmur yerdəkilər, Göy ülviyyətinə, ədalətinə, həqiqətinə üz tutur yerdəkilər, Göy həsrətinə üz tuturlar. “Yerdə süründüm, yetişər göylərə qaldır!” – deyə fəryad qoparırlar.

“Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,

Bir şöləyi-ürfan” – deyə Göyə tapınırlar.

Göydən nicat umurlar, Göyə göz dikirlər yerdəkilər – Göysüzlük bəlasından qurtulmaq üçün.

YAĞILIQ İBLİSLİYİ

Yağılaşıb adamlar, yağılıqda, yırtıcılıqda, yıxmaqda, dağıtmaqda, parçalamaqda əzəmət, möhtəşəmlik, qüdrət arayırlar, qana küsənirlər, qanla qürrələnirlər.

“İblisə uyub da əhli-aləm,

Həp Yer üzü qanlı, cümlə sərsəm”.

Dava sərsəmliyində ləyaqət tapırlar, müdrikləşir gözlərində qatillik, zora sarılırlar, zora sarımaq istəyirlər dünyanı.

“Yaşamaq istəmirsən, çarpış,

Hərbə qoş, həp vuruş, ya əz, ya əzil!”– deyirlər.

Toplu-tüfəngli, naləli, ahlı, qorxulu, işkəncəli Yer halı yaranır, sərsəri dava həvəsi coşur ürəklərdə, parçalanmaq ehtirası yanır gözlərdə, nifrət alovu bürüyür çöhrələri, qətl hərarəti yandırır aləmi.

“Ah, çılğın, bütün cahan çılğın”.

Ölüb-öldürmə səyində vəhşilərlə yarışırlar adamlar, canavarlığı fəzilət sayırlar. İnsanlıq unudulur, mərhəmət unudulur, vicdan unudulur. Yağılaşır Yer Göylə.

NƏFS İBLİSLİYİ

Nəfsə uyur yerdəkilər, altuna, meyə əsir olurlar, əsarətdən məst olurlar.

“Qüvvətə, altuna tabe dünya” – səfalətinə baş əyirlər. Altundan qüdrət, meydən səadət, şəhvətdən nəşət diləyirlər.

Altun adlı, mey adlı, şəhvət adlı iblislərə alçalırlar.

Nəfs quyusuna düşürlər, başlarının üstündən Göy əksilir, iblisə səcdə qılırlar, onun ayağına yıxılırlar.

Nəfs burulğanına düşürlər – boğulurlar.

GÖYLÜNÜN YER AQİBƏTİ

Göylüdür Xavər Göysüzlər arasında, sevir Göysüzü, iblisləşəni, müqəddəs sayır məhəbbəti, fəda edir ömrünü məhəbbətə, fəlakəıt düşür bəxtinə, məhv olur, qəhr olur saf, məsum qadınlıq…

İblisləşənlərə gərək olmur onun etibarı, dönüklərə yad olur sədaqəti, sönüklərə düşmən olur qəlb atəşi, naləsi…

“Oldum sənələrcə həp ənisim,

Bəsləndi səninlə fikrü hissim,

Kölgən kimi həp peşincə qoşdum,

Eşqinlə qanadlanıb da uçdum.

Lakin məni bir nigarə satdın,

Birdən-birə həp unutdun, atdın”.

Sevgili saydığı Arifin əliylə boğulur Göy qızı Xavər Göysüzlər arasında. Sevdiyi üçün boğulur, namusu bəslədiyi üçün, Göyə bənzədiyi üçün, Yeri bəzədiyi üçün…

Günahsızlığı üçün günahkarların əlində həlak olur Xavər, mələkliyi üçün iblislərin əlində məhv olur.

İblisin sahib olduğu Yerdə mələyə yer olmur…

YER RƏQSİ – GÖY QÜSSƏSİ

“Həp rəqs ediyor qanlı Günəş, qanlı üfüqlər,

Həp rəqs ediyor halə qəmər, pənbə şəfəqlər”.

Yer günəşi rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy günəşi ağlar, sızlar Yerə baxdıqca Göydən!…

Yer qəməri, şəfəqləri rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy qəməri, şəfəqləri ağlar, sızlar Yerə baxdıqca Göydən…

“Rəqs etmədə həp şerü dəha, hüsnü lətafət,

Rəqs etmədə yıldızlı fəza, ruhi-təbiət”.

Yer “şerü dəhası”, “hüsni lətafəti” rəqs edər iblisləşən, meyləşən, sərxoşlaşan xəyalda, Göy “dəhası” , “lətafəti” ağlar, sızlar Yerə baxdıqca Göydən!

Yer göyü, təbiəti rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy ağlar, sızlar Yerə baxdıqca!

“Hər fəlsəfə, hər dinü təriqət, bütün adət

Rəqs etmədə həp olsa xəyal, olsa həqiqət”.

Yer fəlsəfəsi, dini, təriqəti, Yer adəti rəqs edir iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy fəlsəfəsi, idrakı, mənəviyyatı ağlar, sızlar Yerə baxdıqca Göydən!

“Həp rəqs ediyor hüznü sürur, eşqü fəlakət,

Həp rəqs ediyor xeyirlə şər, elmü cəhalət”.

Yer eşqi, Yer xeyiri, Yer şəri, Yer idrakı rəqs edər iblisləşən, meyləşən, sərxoşlaşan xəyalda, Göy eşqi, Göy xeyiri, Göy idrakı ağlar, sızlar Yerə baxdıqca Göydən…

“Rəqs etmədə hətta o görünməz ulu məbud,

Rəqs etmədə hətta o vücudi-ədamalud”.

Yer tanrısı rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy tanrısı ağlar, sızlar Yerə baxdıqca Göydən!…

Yeri oynadır iblis əlində, Göyün sinəsinə dağ çəkir.

İBLİS QÜDRƏTİ – ADAM QƏBAHƏTİ

“İblis”, o böyük ad nə qədər calibi-heyrət!” – heyrətlidir, heybətlidir iblis, çünki “kaşanələrə, viranələrə, qülbələrə” hökm edir, hər dildə səslənir şöhrəti, çoxsifətli, çoxqiyafəlidir; gah şahlar, xaqanlar əzəmətində görünür, gah krallar dəbdəbəsində, gah “tülkü siyasilər”, “xadimi-ədyanlar, altun və qadın düşkünü” əməlində bilinir, gah xəyanət, zülm sitəmində… dünyanı qərq edir səfalətə, cəhalətə, cinayətə!

Heyrətlidir, Heybətlidir, çünku həqarəti Yeri bürüyüb. İblisləşməyən məkan yoxdur. Qarış-qarış səpilib dünyaya iblis toxumu!

“Röya kimi bir an olaraq zahirü qaib,

Mən Şərqdə abid oluram, Qərbdə rahib.

Bir qazi olub gah edərəm fitnələr icad,

Bir mürşid olub gah edərəm aləmi bərbad!”

Heyrətlidir, Heybətlidir, çünki iblislik dünyaya sirayət eləyib, gözləri yumub, ağılları söndürüb, naqis ehtirasları coşdurub, inamları sarsıdıb, əməlləri soldurub, müqəddəsləri çirkaba qərq eləyib, müdrikləri alçaldıb, naşıları ucaldıb, saflığı məhv edib, həqarəti bəsləyib.

“Bəzən oluram bir papa, cənnət satıram mən,

İsa dirilib gəlsə də, qorxar qəzəbimdən!”

Heyrətlidir, Heybətlidir, çünki imkanlıdır, zəbt etdiyi, fəth etdiyi dünya böyükdür, əsir etdiyi ürəklər, beyinlər, iradələr sonsuzdur.

“Bəzən oluram bir çoban, azadə bir insan,

Bəzən oluram zülmü fəsad aşiqi sultan!

Bir piri-zəbun olduğum əsnada bilərsən,

Təbdili-qiyafətdə həmən gənc oluram mən!”

Cümlə fəlakətlərə bais olduğu dərəcədə heybətlidir, heyrətlidir iblis.

Heyrətlidir, heybətlidir, çünki adama qalib gələ bilir, adamı İnsanlıq Göyündən sala bilir, Göysüzlük qaranlığında saxlaya bilir, qəbahət zəncirinə sala bilir.

Adam naqisliyindən yaranır iblis heybəti.

İnsan kamilliyində yox olacaq iblislik.

Göy işığında sönəcək Yer qaranlığı!


MANŞET XƏBƏRLƏRİ