Bakıda ətin qiyməti süni şəkildə artırılıb - AÇIQLAMA


Bakının Ramana qəsəbəsində ət qiymətlərinin artdığı ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, dünəndən etibarən dana, quzu və qoç əti 2-3 manat bahalaşıb. Belə ki, hazırda dana ətinin 1 kiloqramı 17 manata, qoç əti 15,50 manata, quzu əti isə 21 manata təklif olunur. Halbuki üç gün əvvəl dana əti 15 manata, bəzi qəssabxanalarda isə 14 manata satılırdı. Quzu ətinin qiyməti isə 18-19 manat aralığında idi. Bahalaşmanın səbəblərindən biri kimi Yeni il bayramının yaxınlaşması göstərilir.

Modern.az məsələyə aydınlıq gətirmək üçün kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovla əlaqə saxlayıb. Ekspert bildirib ki, həm sosial şəbəkələrdə yayılan məlumatları izləyir, həm də bazar qiymətlərini mütəmadi olaraq araşdırır. Onun sözlərinə görə, hazırda ətin qiymətində real artım müşahidə olunmur, sadəcə süni manipulyasiya aparılır.

“Keçmiş dövrlərdəki qiymət dəyişiklikləri indiki vəziyyətlə əlaqələndirilərək ajiotaj yaradılır və guya ət bahalaşıbmış kimi təqdim olunur. Əslində isə mövcud mərhələdə qiymətlər sabitdir”.

Mütəxəssis qeyd edib ki, yaxın 7-10 gün ərzində də qiymət artımı gözlənilmir:

“Ehtimal olunur ki, yalnız ayın 25-26-dan sonra və ya Yeni il ərəfəsində bazarlıq mövsümü başlayanda müəyyən bahalaşma baş verə bilər”.

Vahid Məhərrəmov qarşıdakı dövrdə müşahidə ediləcək qiymət artımının səbəbini isə belə izah edib:

“Mümkün qiymət artımının əsas səbəbi diri heyvan idxalı ilə bağlı yaranan çətinliklərdir. Gürcüstanda dabaq xəstəliyinin yayılması səbəbindən Azərbaycan həmin ölkədən diri heyvan idxalını azaldıb. Bu isə nəticə etibarilə təzə kəsilmiş ətin qiymətinə təsir göstərə bilər.

Bir daha vurğualamaq istərdim ki, hazırda ətin qiymətində artım yoxdur və bu mərhələdə süni şəkildə bahalaşma görüntüsü yaratmaq düzgün deyil. Qiymətlər sabitdir və yalnız Yeni il ərəfəsində tələbatın artması fonunda müəyyən dəyişikliklər müşahidə oluna bilər”,- deyə ekspert bildirib.


MANŞET XƏBƏRLƏRİ