Kremlə yaxınlığı və Kremlin təbliğat xəttini açıq şəkildə müdafiə etməsi ilə tanınan rusiyalı politoloq Sergey Mardan yenidən Zəngəzur dəhlizi ətrafında manipulyativ və birtərəfli açıqlamalarla çıxış edib.
Turkustan.az xəbər verir ki, Cənubi Qafqazdakı vəziyyəti təhlil etdiyini iddia edən Mardan Zəngəzur dəhlizini guya “reallıqdan uzaq” bir layihə kimi təqdim etməyə çalışıb. O, açıqlamasında bildirib ki, Avropa İttifaqının regionda təsir göstərmək üçün kifayət qədər resursu yoxdur, ABŞ isə coğrafi baxımdan Cənubi Qafqazdan uzaqdır.

Bununla kifayətlənməyən politoloq iddia edib ki, Ermənistanın təhlükəsizliyi xarici və uzaq güclər tərəfindən deyil, regionda real təsir imkanlarına malik olan “regional dövlət” tərəfindən təmin edilməlidir. Mardanın bu fikri əslində dolayı yolla bir mesaj verir: guya Ermənistanın təhlükəsizliyi nə ABŞ-dan, nə də Avropadan asılıdır və bu məsələ birbaşa Rusiyanın nəzarətində olmalıdır.
Lakin Sergey Mardan çox mühüm bir tarixi reallığı ya unudur, ya da bilərəkdən görməzdən gəlir. Faktlar göstərir ki, Rusiya əsrlərdir Cənubi Qafqazda mövcud olduğu dövrdə bu regionda heç vaxt davamlı sabitlik olmayıb. Əksinə, terrorizm, etnik qarşıdurmalar, separatizm və münaqişələr məhz Rusiyanın bölgəyə müdaxiləsindən sonra dərinləşib.
Qanlı SSRİ rejiminin qurulması, təkcə Cənubi Qafqazda deyil, bütün sovet məkanında etnik münaqişələrin süni şəkildə yaradılması, xüsusilə Qarabağ münaqişəsinin başlanması, separatçı ocaqların formalaşdırılması və 30 ilə yaxın davam edən işğalçılıq xətti – bütün bunlar birbaşa Rusiyanın planlı siyasətinin nəticəsi olub.
Tarix sübut edir ki, Rusiya bu regionda heç vaxt sülhün təminatçısı kimi çıxış etməyib. Sovet rejiminin dəhşətli repressiyaları, azərbaycanlıların kütləvi şəkildə məhv edilməsi, xalqların bir-birinə qarşı qoyulması Kremlin “stabillik” anlayışının əsl simasıdır.
Bu baxımdan Cənubi Qafqazın taleyi Moskvanın deyil, məhz regionda mövcud olan müstəqil dövlətlərin öz əlində olmalıdır və indi Azərbaycanın sayəsində, belədir. Sergey Mardan və onun kimiləri bunu nə qədər unutmaq istəsələr də, reallıq dəyişmir: Cənubi Qafqazın gələcəyinə kənar imperiya ambisiyaları deyil, bölgə xalqlarının iradəsi qərar verəcək. /Musavat.com/