Son illərdə dünyada, eləcə də Azərbaycanda “arıqlama iynələri” adı altında tanınan dərmanlara maraq kəskin şəkildə artıb. Sosial şəbəkələrdə, “möcüzə nəticə” vədi verən paylaşımlarda, qeyri‑rəsmi marafon dietlərində bu preparatlar sürətli arıqlamanın əsas vasitəsi kimi təqdim olunur. Lakin sual açıq qalır: bu iynələr həqiqətən təhlükəsiz və effektivdirmi, yoxsa müvəqqəti effekt və ciddi sağlamlıq riskləri yaradırmı?
Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova Musavat.com-a danışıb:
“Arıqlama iynələri” adı altında tanınan dərmanlar əsasən Ozempic, Saxenda və Mounjarodur. Bu dərmanların hamısı inkretin hormon sisteminə təsir edən preparatlardır. Əsasən, beyində iştah mərkəzini zəiflədir, mədənin boşalma sürətini ləngidir, toxluq hissini uzadır, qan şəkərini tənzimləyir. Bu mexanizmə görə insan daha tez doyur, daha gec acır və nəticədə kalori qəbulu azalır.
Ozempic şəkərli diabetin II tipinin müalicəsi üçün yaradılıb. Onun əsas məqsədi qan şəkərini sabit saxlamaq, diabetlə əlaqəli ürək‑damar risklərini azaltmaqdır. Lakin həkim məsləhəti olmadan bu dərmandan arıqlama üçün istifadə etmək ciddi risklər yarada bilir. İnsanda ürəkbulanma, qusma, ishal, qəbizlik və elektrolit pozğunluğu, uzunmüddətli istifadə zamanı hormonal balansın pozulması baş verə bilir.
Saxenda birbaşa piylənmənin müalicəsi üçün təsdiqlənmiş preparatdır. Əsasən bədən kütlə indeksi (BMI) yüksək olan şəxslər üçün nəzərdə tutulub. Həkim məsləhəti olmadan, uzunmüddətli istifadə hormon balansında pozulma yaradır.
Mounjaro isə ən yeni nəsil preparatdır və ilkin olaraq diabet üçün yaradılıb. Klinik sınaqlarda Mounjaro ən yüksək çəki azalması göstərən preparatlardan biri olub. Lakin bu təsir dərman dayandırıldıqdan sonra çox vaxt geri dönür. Metabolizmin süni şəkildə stimullaşdırılması uzunmüddətli risk yaradır O cümlədən qaraciyər fermentlərinin yüksəlməsi, hormonal sistemdə dərin pozulmalar, qan şəkərində kəskin dalğalanmalar yaranır. Kişilərdə cinsi zəiflik, hormonal disbalans, metabolik zəifləmə, qadınlarda isə aybaşı pozğunluğu, erkən klimaks riski, yumurtalıq funksiyalarının zəifləməsi, erkən bioloji yaşlanma əlamətləri ortaya çıxa bilir. Qadınlarda uzunmüddətli istifadə ilə onkoloji risklərin artması, xüsusən də süd vəzi xərçənginin yaranması ehtimalı da yaranır.
Bu baxımdan insanlara çağırış edirəm ki, arıqlamaq üçün bu preparatlardan istifadə etməyin. Bu isə birbaşa həyati risk deməkdir. Ən böyük yanlışlıq “tez arıqlama” düşüncəsidir. Unutmayın ki, bu iynələrlə itirilən çəkinin böyük hissəsi su və boşalmış piy toxumasıdır. Belə ki, əzələ kütləsi azalır, metabolizma zəifləyir, dərman dayandırıldıqdan sonra çəki ikiqat sürətlə geri qayıdır. Bu, tibdə “rebound effect” kimi tanınır.
Beləliklə, nəzarətsiz üsullarla, yalançı ucuz marafon dietləri və iynələrlə arıqlamaq mümkün deyil. Tərəzidə görünən nəticə çox vaxt aldadıcıdır və bədənin hesabına başa gəlir”.