İranda son 50 ilin ən quraq payızı yaşanır.
Turkustan.az xəbər verir ki, bu barədə İran Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə yağışlar uzun illərin orta göstəricisinə nisbətən 89% azalıb.
“Paytaxt Tehranda yağış miqdarı son yüz ilin ən aşağı səviyyəsinə düşüb, bir çox vilayətdə isə aylarla yağış olmayıb” – deyə, qeyd edilib.
Son illərin ən ciddi quraqlıq dövrünü yaşayan İranda yağış yaratmaq məqsədilə buludlara “toxum səpməklə” süni yağış yaradılır.
İsrail və Birləşmiş Ərəb Əmirliklərini “Buludlarımızı oğurlayırlar” deyə ittiham edən İran, ilk buludlara toxum səpmə əməliyyatını Urmiya Gölü ərazisində həyata keçirib.
Urmiya üçün su səviyyəsini artırmaq məqsədilə digər vilayətlərdə də oxşar işlərin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən quraqlıq və su çatışmazlığına görə narahatlığını vurğulayıb, kritik su böhranı haqqında ciddi xəbərdarlıq edib./Globalinfo.az