Şəhid qəhrəmanımız: hərbçinin iki arzusu olur ya şəhid olmaq, ya general!


1988-ci ilin dekabr ayının 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində doğulur...

1995 / 2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada;

2003 / 2006-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alır...

2006 /2010-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Quru Qoşunları ixtisası üzrə ali hərbi təhsil alır...

2010-cu ildə SQ-nin Təlim-Tədris Mərkəzinin Zabit kursunu bitirərək "Leytenant" hərbi rütbəsini alır...

Xidmət müddətində tağım komandiri, bölük komandiri, qərərgah rəisi və tabor komandiri vəzifələrində çalışır...

2016-cı ilin Aprel döyüşlərində iştirak edir...

"Kapitan" rütbəsinə qədər yüksəlir...

Açıklama yok.

Vətən müharibəsinin ilk günündən tabor komandiri kimi döyüşlərə qatılan, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə xüsusi şücaət və qəhrəmanlıq göstərən, düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv edən, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Silahlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Surxay Əbdül oğlu Noçuyev!

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə lll dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi"; "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, "Vətən uğrunda" medalı, "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif olunub.

Şəhidimizin atası Əbdül Noçuyev deyir ki, "Oğlum Qubadlının, Hadrutun, Füzulinin, Zəngilanın, hətta doğulduğu Məmmədbəyli kəndinin də azadlığını gördü. Zəng edəndə demişdi ki, yuxarı gedirik. Bildim ki, Şuşanı deyir. Həmişə deyirdi ki, məndən ötrü başı uca gəzəcəksən. Qaçqınlıq həyatı, şahidi olduğu hadisələr... Bunlar heç biri Surxaydan yan keçə bilməzdi. Artıq vəziyyət onu hərbçi kimi yetişdirirdi. Vətən müharibəsində danışanda da bizə ürək-dirək verirdi. ".

Anası Mehriban Noçuyeva: "Çox zəhmətkeş, qorxmaz, tərbiyəli oğul idi Surxay. Uşaqlıqdan çox bacarıqlı idi. Hara göndərərdim, gedib o işi yarıdardı. Uşaqlıqdan hərbi sahəyə marağı vardı. Hərbçi olmağı arzulayırdı. Sevirdi bu peşəni. Biz də ona mane olmadıq. Əksinə dəstək olduq".

"Uşaqlıqdan qərarları özü verirdi. Böyüklüyünü göstərirdi. Həmişə mənə də məsləhət görürdü ki, qərarlarını özün ver. Uşaq vaxtından idmana, hərbə meylli idi. Taxtadan silah düzəldirdi. Bu da onun gələcək yolundan xəbər verirdi" deyir qardaşı Əfqan.

Müharibəyə gedəndə ailəsini anasına tapşırır. O müharibəyə gedən gün qızı Fidan dünyaya gəlir. Adını özü qoysa da, üzünü görə bilmədən şəhid olur. Xanımı Lalə Noçuyeva: "Surxay çox gözəl ailə başçısı idi. Düzgün, dürüst, ürəyi təmiz, səmimi insan idi. Hərbçi həyatı bilirsiniz, çətin olur.

Amma o məni çətinlik çəkməyə qoymurdu. Bu çətinliklərin öhdəsindən özü gəlirdi. Aprel döyüşlərinin də iştirakçısı olub. O zaman onu itirməkdən çox qorxurdum. Lakin 4 il sonra qorxduğum başıma gəldi. 4 il sonra, Vətən müharibəsində mən onu itirdim".

Döyüş yoldaşları hələ də onu unutmur, sevgi ilə xatırlayırlar: "O bizə komandir yox, dost, qardaş idi" deyirlər.

"Hərbçinin iki arzusu olur: biri şəhid olmaq, biri də general olmaq" deyirmiş qəhrəmanımız.

General ola bilməsən də Vətən Müharibəsi Qəhrəmanı kimi Zəfər tarixinə adın qızıl hərflərlə yazıldı şəhidim! Sən ən ali mükafatını, ən ali rütbəni alaraq yüksəldin-Şəhid kimi! Şəhidlik ən yüksək məqamdır. Hər adama qismət olmur. Səni Allah elə bir məqama layiq gördü ki, heç bir rütbə, vəzifə ona çata bilməz!

Allahın qatında, xalqın qəlbində, vətənin tarixində qəhrəman kimi ucalan şəhidim! Ruhun şad olsun! Səni rəhmət və sevgi ilə anacağıq!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ