Avropada "Bitcoin"lə ödəniş başladı: Sınaq uğurlu olacaqmı? - İQTİSADÇI RƏYİ


"İsveçrədə bəzi şəhər və kantonlarda "Bitcoin"lə ödənişlərin qəbuluna başlanması kriptovalyutaların real iqtisadiyyata inteqrasiyası baxımından mühüm addım kimi qiymətləndirilir. Bu çərçivədə "Bitcoin" əsasən bələdiyyə və dövlət xidmətləri üzrə ödənişlərdə istifadə olunur. Məsələn, ayrı-ayrı kanton və şəhərlərdə vergi borclarının, bələdiyyə rüsumlarının, inzibati xidmət haqlarının, kommunal və dövlət ödənişlərinin "Bitcoin" vasitəsilə ödənilməsi mümkündür. Bu yanaşma "Bitcoin"in hələ rəsmi milli valyuta olmasa da, alternativ ödəniş vasitəsi kimi dövlət strukturları səviyyəsində sınaqdan keçirildiyini göstərir".

Bu sözləri iqtisadçı Kamran Hacıyev Oxu.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Bitcoin"in ümumi və geniş istifadə olunan ödəniş vasitəsinə çevrilməsi üçün əsas şərtlər qiymət sabitliyinin artması, əməliyyat xərclərinin azalması və hüquqi tənzimləmənin daha aydın olmasıdır:

Avropada Bitcoinlə ödəniş başladı: Sınaq uğurlu olacaqmı? - İQTİSADÇI RƏYİ

"Gündəlik ödənişlərdə volatillik biznes və vətəndaşlar üçün əsas risk olaraq qalır. Bununla yanaşı, "Bitcoin"lə pərakəndə alış-veriş, xidmət haqları, restoran və onlayn platforma ödənişləri kimi gündəlik əməliyyatların geniş yayılması üçün müvafiq infrastruktur və sadə istifadə mexanizmləri vacibdir. Vergi, mühasibatlıq və istehlakçı hüquqları sahəsində vahid qaydalar formalaşmadan kütləvi tətbiq çətin görünür.

Dövlətlərarası ödənişlərdə "Bitcoin"in istifadəsi texniki baxımdan mümkündür və artıq bəzi hallarda transsərhəd köçürmələr, beynəlxalq xidmət haqlarının ödənilməsi və sürətli maliyyə hesablaşmaları üçün tətbiq olunur. Lakin bu sahədə hüquqi uyğunluq, sanksiyalar, maliyyə şəffaflığı və böyük məbləğlər üzrə qiymət riski əsas məhdudiyyətlər olaraq qalır. Bu səbəbdən yaxın perspektivdə "Bitcoin" daha çox alternativ və köməkçi ödəniş aləti kimi çıxış edə bilər".


MANŞET XƏBƏRLƏRİ