İlk imperatorun məzarında sirli duman: 2000 illik əfsanə gerçək imiş


Alimlər qədim Çinlə bağlı ən məşhur əfsanələrdən birini təsdiqləyə biləcək yeni sübutlar əldə ediblər. Araşdırma nəticəsində ilk Çin imperatoru Tsin Şi Xuandinin hələ də açılmamış məqbərəsinin üzərində atmosferdə civə buxarının normadan xeyli yüksək olduğu müəyyən edilib.

Turkustan.az xəbər verir ki, bu barədə “Daily Galaxy” nəşri məlumat yayıb.

Hələ 2 min ildən çox əvvəl tarixçi Sıma Tsyan yazırdı ki, imperatorun yeraltı sarayında Çinin xəritəsini simvolizə edən civədən hazırlanmış çaylar və göllər yaradılıb. Əsrlər boyu bu məlumat sadəcə əfsanə hesab olunurdu. Lakin yeni araşdırma həmin məqbərənin altında həqiqətən də böyük həcmdə civə ehtiyatının ola biləcəyini göstərən ilk atmosfer sübutlarını ortaya qoyub.

Tədqiqatçılar məqbərəyə daxil olmadan havadakı civə konsentrasiyasını ölçə bilən lazer əsaslı uzaqdan zondlama sistemindən istifadə ediblər.

Ölçmələr zamanı məqbərənin üzərində təbii fon göstəricilərini əhəmiyyətli dərəcədə üstələyən civə konsentrasiyası qeydə alınıb. Ən yüksək göstərici hər kubmetr hava üçün 27 nanoqram olub.

Aşkarlanan anomaliyalar daha əvvəl torpaqda yüksək civə miqdarı müəyyən edilən sahələrlə üst-üstə düşüb.
Tsin Şi Xuandinin məqbərəsi dünyanın ən sirli arxeoloji abidələrindən biri hesab olunur. Tarixi mənbələrə görə, onun tikintisi təxminən 38 il davam edib və bu işə 700 minə yaxın insan cəlb olunub.

Məqbərənin mərkəzi dəfn kamerası bu günə qədər açılmayıb və arxeoloqlar tərəfindən toxunulmaz saxlanılır.

Alimlər ehtimal olunan böyük civə ehtiyatı və tarixi abidənin zədələnməsi riskinə görə hələlik mərkəzi kamerada qazıntılara başlamağa cəsarət etmirlər.

Tədqiqat müəlliflərinin hesablamalarına əsasən, son iki min ildən artıq müddətdə məqbərədən atmosferə təxminən bir ton civə buxarlanıb. Bunun isə ilkin ehtiyatın cəmi bir faizi olduğu güman edilir.

Tarixi mənbələr doğru olarsa, məqbərənin daxilində hələ də 100 tondan çox civə qala bilər.

Tədqiqatçılar bildirirlər ki, əldə olunan nəticələr yalnız qədim tarixi qeydləri dəstəkləmir, həm də müasir texnologiyaların arxeoloji abidələri zədələmədən öyrənmək üçün yaratdığı yeni imkanları nümayiş etdirir./lent.az


MANŞET XƏBƏRLƏRİ