SpaceX-dən növbəti uğur: Starship 20 peyki orbitə çıxardı


Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi aerokosmik şirkət SpaceX 20 Starlink V3 peykini daşıyan Starship raketinin 13-cü sınaq uçuşunu uğurla həyata keçirib.

Turkustan.az xəbər verir ki, şirkətin sosial media platforması X üzərindən yaydığı məlumata görə, raket Texas ştatındakı Starbase kosmodromundan buraxılıb və 20 peyki uğurla orbitə yerləşdirib.

Açıqlamada bildirilib ki, uçuşu həyata keçirən Starship kosmik gəmisi missiyanı tamamladıqdan sonra Hind okeanına planlaşdırıldığı kimi yumşaq eniş edib.

Qeyd edək ki, Starship proqramı əvvəlki sınaqlarda bir sıra çətinliklərlə üzləşmişdi. Belə ki, 7-ci (16 yanvar 2025), 8-ci (7 mart 2025) və 9-cu (28 may 2025) sınaq uçuşları uğursuzluqla nəticələnərək raketin dağılması ilə başa çatmışdı.

10-cu sınaq uçuşu Texasdakı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınsa da, sonradan uğurla reallaşdırılmışdı. 11-ci sınaq uçuşu da 13 oktyabr 2025-ci ildə uğurla tamamlanmışdı.

12-ci sınaq uçuşunda isə raket uğurla havaya qalxsa da, uçuş zamanı mühərriklərdən birində yaranan nasazlıq səbəbindən planlaşdırılan yumşaq eniş baş tutmamış, Starship Hind okeanına düşərək alovlanmışdı. 13-cü sınaq uçuşunun uğurla başa çatması şirkətin proqram üzrə növbəti mühüm nailiyyəti kimi qiymətləndirilir.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ