Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın genişmiqyaslı səfərbərliyə hazırlaşdığını və Şimali Koreyadan əlavə 30 min hərbçi cəlb etməyi planlaşdırdığını iddia edib.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə axşam videomüraciətində danışıb.
Ukrayna lideri bildirib ki, Kiyevin Rusiyanın payız planları ilə bağlı ətraflı kəşfiyyat məlumatları var və həmin planlarda sülhə yer verilmir.
"Putin səfərbərliyin genişləndirilməsi üçün zəmin hazırlayır. Onun itkilərinin miqyası bunu açıq şəkildə göstərir. Bu ilin yeddi ayından az müddətdə 221 min nəfər Rusiya Silahlı Qüvvələrinə cəlb edilib. Eyni dövrdə Rusiya ordusunun ümumi itkiləri təxminən 225,5 min nəfər olub. Onlardan 131 mini həlak olub, təxminən 93 mini isə yaralanıb. Yaralananların əhəmiyyətli hissəsinin vəziyyəti ağırdır, çünki Rusiya ordusunun cəbhə tibbi xidməti ciddi problemlərlə üzləşir", – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, Kremlin məqsədi müharibəyə daha çox rusiyalını cəlb etməkdir və bunun üçün yeni səfərbərlik tədbirlərinə hazırlaşır.
Aytən Yaşar/ Turkustan.az