Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 24-ü və 25-də ölkə ərazisində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar təxribat maddəsi əsasında cinayət işi başladıb.
Turkustan.az xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda qeyd olunub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər mühüm obyektin fəaliyyətinə mane olma, zədələnmə və ya məhv edilməsini nəzərdə tutan 318-ci maddəsi üzrə aparılır.
Elektrik enerjisinin genişmiqyaslı şəkildə kəsilməsi iyulun 25-i səhər saatlarında, yerli vaxtla təqribən 08:00-da qeydə alınıb. Yaranmış problem paytaxtla yanaşı, ölkənin bir sıra regionlarını da əhatə edib.
İyulun 24-nə keçən gecə isə Tbilisi, Batumi, Kutaisi və digər böyük şəhərlər də daxil olmaqla, Gürcüstanın demək olar ki, bütün ərazisi işıqsız qalıb. İlkin məlumatlara görə, kütləvi qaranlığa səbəb enerji şəbəkələrində baş verən irimiqyaslı qəza olub. Eyni zamanda, bəzi operatorların mobil rabitə xidmətlərində də problemlər müşahidə edilib./oxu.az
13:37
Gürcüstan ərazisində elektrik enerjisi ilə təchizat tamamilə bərpa edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Elektrik Sistemi məlumat yayıb.
Məlum olub ki, sözügedən ölkədə elektrik enerjisinin genişmiqyaslı kəsilməsi 500 kilovoltluq "İmereti" elektrik verilişi xəttində baş vermiş qəza səbəbindən yaşanıb. Bu barədə Qafqazın ən böyük hidroelektrik stansiyası olan İnquri SES-in direktoru Levan Meboniya "TV Pirveli" telekanalına müsahibəsində bildirib.
"Elektrik verilişi xətti şəbəkədən ayrıldıqdan sonra iş rejimi pozuldu və enerji sistemi tamamilə çökdü. Hazırda biz qəzanın nəticələrinin aradan qaldırılması prosesindəyik", - deyə o qeyd edib.
11:07
Tbilisidə və ölkənin böyük bir qismində işığın verilişi mərhələli şəkildə bərpa edilməyə başlanıb.
Turkustan.az bu barədə "Sputnik Gürcüstan"a istinadən xəbər verir.
Bildirilib ki, Gürcüstanda ölkə miqyasında baş vermiş kütləvi elektrik kəsilməsindən sonra bərpa işləri həyata keçirilir, eyni zamanda hadisənin dəqiq səbəbləri araşdırılır.
"Bütün Gürcüstan ərazisində elektrik enerjisinin tam bərpası prosesi ən qısa müddətdə yekunlaşacaq", - deyə məlumatda qeyd olunub.
09:19
Gürcüstanda elektrik enerjisinin genişmiqyaslı kəsilməsi müşahidə olunur.
Turkustan.az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilir ki, Tbilisidə işıq yoxdur. Yerli nəşrlər, həmçinin Ozurgeti, Poti, Rustavi şəhərlərində qəza səbəbindən kəsilmələr barədə yazırlar. İşığın qəza səbəbindən kəsilməsinə görə su nasosları işini dayandırıb, bunun nəticəsində Tbilisinin bəzi rayonlarında suyun verilməsi də dayandırılıb.
Küçələrdə işıqforlar işləmir. Mağazalarda da işıq yoxdur.
Elektrik enerjisinin kəsilməsinin səbəbləri barədə elektrik paylayıcı şirkətlərdən rəsmi açıqlama daxil olmayıb.
Daha əvvəl, iyulun 24-nə keçən gecə də Gürcüstanda elektrik enerjisinin genişmiqyaslı kəsilməsi baş vermişdi. İşığın verilişinin tam bərpası üçün bir neçə saat tələb olunmuşdu.