"Nəfəs 360"-Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid" layihəsinin ilk təlimi keçirilib


Ağstafada "Nəfəs 360"-Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid" layihəsinin ilk təlimi böyük maraqla qarşılanıb – 60-dan çox iştirakçı maarifləndirmə tədbirinə qatılıb.

QHT.az xəbər verir ki, 24 iyul 2026-cı il tarixində "Nəfəs 360"- Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid Dairəsi" layihəsi çərçivəsində ilk regional maarifləndirmə təlimi "Ağstafa Rayon Gənclər Evi" Sosial Xidmət Müəssisəsində uğurla keçirilib.

Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihənin məqsədi Kistoz fibroz haqqında cəmiyyətin məlumatlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətini təbliğ etmək, pasiyent və ailələrinin hüquqlarının müdafiəsinə dəstək vermək, regionlarda səhiyyə xidmətlərinə əlçatanlığın və ictimai maarifləndirmənin gücləndirilməsinə töhfə verməkdir.

Təlimdə Ağstafa rayonunun həkimləri, tibb işçiləri, müəllimlər, təhsil müəssisələrinin nümayəndələri, ictimai fəallar, valideynlər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirə göstərilən maraq təşkilatçıların gözləntilərini üstələyib. İlkin olaraq 25 nəfərlik iştirakçı qrupu nəzərdə tutulsa da, tədbirə 60-dan çox iştirakçı qatılıb. Bu da regionlarda belə maarifləndirici təşəbbüslərə böyük ehtiyacın və ictimai marağın göstəricisi olub.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra " Eşitmə və Nitq məhdudiyyətli Şəxslər" tərəfindən ifa olunan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bu təsirli an iştirakçılar tərəfindən dərin hörmət və alqışla qarşılanıb.

Açılış nitqi ilə çıxış edən KIFYIB Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyinin sədri və layihə rəhbəri Səadət Bayramova iştirakçıları salamlayaraq layihənin məqsədi, qarşıya qoyulan hədəflər və görüləcək fəaliyyətlər haqqında ətraflı məlumat verib. O bildirib ki, "Nəfəs 360"-Kistik Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid Dairəsi" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqəsinin qalibi olub və Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilir.

Səadət Bayramova təqdimat zamanı rəhbərlik etdiyi təşkilatın uzun illər ərzində Kistoz fibrozlu şəxslərin hüquqlarının müdafiəsi, erkən diaqnostikanın təşviqi, müasir müalicəyə çıxış imkanlarının genişləndirilməsi və ictimai maarifləndirmə istiqamətində gördüyü işlərdən də bəhs edib. Slayd təqdimatları vasitəsilə iştirakçılara kistik fibroz sahəsində ölkədə və dünyada mövcud vəziyyət, əldə olunan nailiyyətlər və qarşıda duran hədəflər barədə geniş məlumat verilib.

Təlim daha sonra layihənin təlimçisi, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, Dr. Mətanət Qaraxanovanın təqdimatı ilə davam edib.

Mətanət Qaraxanova Kistoz fibrozun yaranma səbəbləri, klinik əlamətləri, erkən diaqnostikası, müalicə prinsipləri, xəstəliyin gedişi və bu pasiyentlərin gündəlik həyatda qarşılaşdıqları çətinliklər barədə ətraflı məlumat verib. O, həmçinin sağlamlıq problemi olan uşaqlara həssas yanaşmanın vacibliyini, erkən müdaxilənin və multidissiplinar tibbi xidmətin əhəmiyyətini xüsusi vurğulayıb.

Təlim interaktiv formatda təşkil olunub. İştirakçılar onları maraqlandıran çoxsaylı sualları səsləndirib, həm layihə rəhbəri Səadət Bayramova, həm də təlimçi Mətanət Qaraxanova tərəfindən ətraflı cavablandırılıb. Müzakirələr zamanı regionlarda rast gəlinən problemlər, diaqnostik imkanlar, müalicəyə çıxış və pasiyent ailələrinin üzləşdiyi sosial çətinliklər də geniş şəkildə müzakirə olunub.

Tədbirin sonunda vurğulanıb ki, belə maarifləndirici layihələrin ucqar bölgələrdə həyata keçirilməsi yalnız informasiya paylaşımı deyil, eyni zamanda insan sağlamlığına, həyat keyfiyyətinin yüksəldilməsinə və cəmiyyətin həssas qruplarına göstərilən diqqətin bariz nümunəsidir. Regionlardan başlanılan bu təşəbbüs kistik fibrozla bağlı məlumatlılığın artırılması və erkən diaqnostikanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi layihənin uğurla təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Ağstafa Rayon İcra Hakimiyyətinə, "Ağstafa Rayon Gənclər Evi "Sosial Xidmət Müəssisəsinə, tədbirdə iştirak edən bütün mütəxəssislərə, qonaqlara və yüksək fəallıq göstərən iştirakçılara dərin təşəkkürünü bildirir.

"Nəfəs 360"- Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək, Ümid Dairəsi" layihəsi yaxın aylarda Azərbaycanın digər bölgələrində də davam etdiriləcək və daha geniş auditoriyanın kistik fibroz haqqında düzgün məlumatlandırılmasına, pasiyentlərin hüquqlarının müdafiəsinə və sağlam cəmiyyətin formalaşmasına töhfə verəcək.


MANŞET XƏBƏRLƏRİ