Rusiya prezidenti Vladimir Putinin Kiyevə iriqmiqyaslı raket zərbələri ilə bağlı əməliyyat planlarını nəzərdən keçirdiyi bildirilir. Ukrayna Müdafiə Nazirliyi də Kurska edilən hücuma görə Rusiyanın cavab zərbəsini dəf etməyə hazırlaşır.
Məsələ ilə bağlı Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev Kursk istiqamətində Ukraynanın kifayət qədər cəsarətli addımlarına Rusiyanın səssiz qalacağını düşünməyin yanlış olduğunu bildirib.
O, ərazidə mülki əhali olduğu üçün Rusiyanın Kurskda irəliləməyə davam edən Ukrayna ordusuna kütləvi artilleriya və aviasiya zərbələri endirə bilmədiyini deyib:
“Hələ ki, ərazidəki mülki Rusiya əhalisinin təxliyəsi başa çatmayıb. Proseslər artıq bir həftəyə yaxındır ki, davam edir. Rusiyanın indiyədək cavab zərbəsi endirməməsi daxili auditoriyada kifayət qədər suallar yaradır. Bu sualları aradan qaldırmaq və diqqəti Kurskda baş verənlərdən yayındırmaq məqsədilə Rusiya təbii ki, Ukrayna ərazisinə kütləvi zərbələr endirə bilər”.
Ekspertin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Rusiyanın raket ehtiyatları və İrandan əldə etdiyi "Şahed" PUA-larının miqdarı məhduddur:
“Yəni Rusiya tərəfi onları planlı şəkildə istifadə edir ki, gələcəkdə döyüş əməliyyatlarının davam etdirilməsi üçün əlindəki zəruri raket və sursat ehtiyatını qoruyub saxlaya bilsin. İstənilən halda Rusiyanın Ukrayna ərazilərinə kütləvi zərbəsi gözlənilir. Lakin bu uzunmüddətli proses olmayacaq, ola bilsin ki, bir və ya iki gün ərzində kütləvi raket zərbələri olacaq, ondan sonra isə yenə də Kursk istiqamətinə yönələcək. Mülki əhali ərazidən çıxarıldıqdan sonra isə Rusiya həmin zərbələri Ukraynanın Rusiya ərazisindəki qoşunlarına yönəldəcək. Çünki Rusiya üçün ilk növbədə öz ərazilərindən Ukrayna qoşunlarını çıxarmaq məsələsi prioritetdir”.