Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Kalininqrad istiqamətində hərəkət edən yük gəmisinin Finlandiya körfəzində iki pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, qubernator yazılı açıqlamasında hadisənin Finlandiya körfəzinin beynəlxalq sularında, Rusiya sərhədindən 3 dəniz mili məsafədə baş verdiyini qeyd edib. O, gəmi heyətinin təxliyəsi üzrə işlərin davam etdiyini, dəymiş ziyanın miqyasının isə hələlik müəyyənləşdirilmədiyini bildirib.
Gecə saatlarından etibarən Leninqrad vilayətinə edilən PUA hücumlarına da toxunan A. Drozdenko ümumilikdə 80 dronun zərərsizləşdirildiyini və bölgədə elan olunmuş hava təhlükəsi xəbərdarlığının ləğv edildiyini vurğulayıb.
Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıx isə öz növbəsində gəmiyə edilən hücumun regionun təchizat zəncirinə heç bir təhlükə yaratmadığını bəyan edib.
Aytən Yaşar/ Turkustan.az