Avropa ölkələrinin Azərbaycana marağının artması bir sıra mühüm amillərlə, ilk növbədə Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal məsələlərin həllində Azərbaycanın rolunun genişlənməsi ilə bağlıdır. Bu gün Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın siyasi, iqtisadi və enerji proseslərində mühüm rol oynayan dövlətlərdən biri kimi diqqət mərkəzindədir.
Turkustan.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal bildirib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkənin həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir.
“Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi siyasi mövqe, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə üstünlük verməsi Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradır. Avropa ölkələrinin Azərbaycanla münasibətləri genişləndirməyə maraq göstərməsi təsadüfi deyil. Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları Avropa üçün Azərbaycanı strateji tərəfdaşlardan birinə çevirir. Azərbaycanın Avropa ilə əməkdaşlığı yalnız enerji sahəsi ilə məhdudlaşmır. Nəqliyyat, logistika, ticarət, sənaye, investisiya, yaşıl enerji və humanitar sahələrdə də geniş əməkdaşlıq perspektivləri mövcuddur. Orta Dəhlizin inkişafı, Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi və ölkəmizin beynəlxalq nəqliyyat marşrutlarında fəal iştirakı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir”, - deyə Aqil Camal qeyd edib.
İctimai Birliyin sədri diqqətə çatdırıb ki, hazırkı geosiyasi şəraitdə Avropa dövlətləri üçün etibarlı tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır: “Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı çağırışlar dövlətləri yeni tərəfdaşlıq imkanları axtarmağa sövq edir. Azərbaycanın regional və qlobal məsələlərin müzakirəsində fəal iştirakı da Avropa ölkələrinin diqqətini cəlb edən əsas məqamlardandır. Ölkəmiz müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış edir, dövlətlər və beynəlxalq təşkilatlar arasında dialoqun inkişafına, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsinə töhfə verməyə çalışır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastruktur layihələri, yaşıl enerji zonalarının yaradılması və yeni iqtisadi imkanların formalaşdırılması da xarici tərəfdaşlar üçün maraq doğurur”.
Aqil Camal hesab edir ki, Avropa ölkələrinin Azərbaycana artan marağı ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinin, siyasi, iqtisadi və geostrateji əhəmiyyətinin genişlənməsinin göstəricisidir. Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu, Azərbaycanın milli maraqlarına əsaslanan təşəbbüsləri və beynəlxalq tərəfdaşlarla qurduğu münasibətlər mühüm yer tutur.
İctimai Birliyin sədri əlavə edib ki, qarşıdakı dövrdə Azərbaycan ilə Avropa ölkələri arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da genişlənməsi üçün imkanlar mövcuddur.