İran Prezidenti Məsud Pezeşkian ölkəsinin iqtisadi sahədə “səssiz müharibə” apardığını bildirib.
Turkustan.az xəbər verir ki, bu mübarizənin raket hücumları və dağıntılarla müşayiət olunan müharibədən daha çətin olduğunu vurğulayaraq istehsalın və investisiyaların qorunması üçün birgə səylərə çağırıb. Bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.
Pezeşkian illik Kapital Bazarı Konfransında çıxışı zamanı ölkənin iqtisadi problemlərini və onların həlli yollarını dəyərləndirib.
ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibəyə toxunan prezident ölkəsinin qeyri-bərabər və ədalətsiz mübarizə ilə üzləşdiyini bildirib.
“Bir qrup tiran və zülmkar ölkəmizi devirməyi hədəfləyir, lakin xalq buna imkan vermədi. Təhlükəsizlik qüvvələrimiz sərt reaksiya verdi. Siz, investorlar və istehsalçılar düşməni məyus etdiniz”, – deyə Pezeşkian qeyd edib.
İqtisadi fəalların müharibə şəraitindəki rolunu xüsusi vurğulayan prezident bildirib ki, hazırda ölkədə aparılan iqtisadi mübarizə heç də asan deyil.
“Biz səssiz müharibədəyik. Bu, raketlərin atıldığı və dağıntıların baş verdiyi müharibədən daha çətindir. Bu, sizin, iqtisadi fəalların apardığı iqtisadi müharibədir və heç də sadə mübarizə deyil”, – deyə İran Prezidenti əlavə edib.
Aytən Yaşar/Turkustan.az