1982-ci il dekabrın 2-də səhər saatlarında Barni Klark reanimasiya şöbəsində gözlərini açdı. O, qəribə bir səs eşidirdi. Sinəsindən müntəzəm, mexaniki çıqqıltı gəlirdi. Yanında həyat yoldaşı Una Loy dayanmışdı. Klark onu tanıdı, həkimlərə baxdı və ağrı hiss etmədiyini bildirdi.
Onun 61 yaşı vardı. Sietldə yaşayan stomatoloq, ailə başçısı olan bu insanın ürəyi artıq öz funksiyasını yerinə yetirə bilmirdi. İndi isə sinə boşluğunda insan ürəyi deyil, plastik, metal və poliuretandan hazırlanmış mexanizm işləyirdi. Barni Klark öz ürəyinin daimi əvəzi kimi süni ürək köçürülən dünyada ilk insan idi.
Xəstəlik Klarkı bir neçə il ərzində tədricən gücdən salmışdı. Ona ağır dilatasion kardiomiopatiya diaqnozu qoyulmuşdu. Bu xəstəlik zamanı ürək əzələsi genişlənir, ürəyin boşluqları böyüyür, yığılma qabiliyyəti isə zəifləyir. Nəticədə orqanizm kifayət qədər qanla təmin olunmur.

Klark şiddətli təngnəfəslikdən və halsızlıqdan əziyyət çəkirdi. Hətta otaqda adi qaydada gəzmək belə onun üçün çətinləşmişdi. Donor ürəyinin köçürülməsi real çıxış yolu hesab edilmirdi. Həkimlər başqa variant axtarırdılar.
Yuta Universitetində süni ürək üzərində tədqiqatlar hələ 1960-cı illərdən aparılırdı. Layihəyə əvvəllər dializ aparatlarının yaradılması ilə də tanınan niderlandlı həkim və mühəndis Villem Kolff rəhbərlik edirdi. Qurğunun konstruksiyasını Robert Cərvik hazırlamış, əməliyyatı isə cərrah Uilyam DeVris həyata keçirməli idi.
Bu aparat Jarvik-7 adlanırdı. O, ürəyin hər iki mədəciyini – qanı ağciyərlərə və bütün bədənə ötürən əsas kameraları əvəz edirdi. Qurğunun daxilində elastik membranlar və klapanlarla təchiz olunmuş süni nasos kameraları yerləşirdi. Sıxılmış havanın təsiri ilə bu kameralar yığılır və boşalır, beləliklə, qan dövranını təmin edirdi.
Lakin bu konstruksiyanın ciddi bir çatışmazlığı vardı: aparat müstəqil işləyə bilmirdi. Xəstənin bədənindən çıxan borular xarici pnevmatik qurğuya birləşdirilirdi. Kompressorun çəkisi təxminən 180 kiloqram idi. Onu xüsusi araba vasitəsilə daşımaq lazım gəlirdi.
Beləliklə, süni ürək insanın qan dövranını təmin etsə də, onu nəhəng bir maşından asılı vəziyyətə salırdı.
Klarka ilk dəfə bu eksperimentdə iştirak etmək təklif olunanda o, imtina etmişdi. Əməliyyatın təcrübə xarakteri daşıdığını, nəticənin isə əvvəlcədən məlum olmadığını yaxşı anlayırdı. Həkimlər hətta ona cihazın heyvan üzərində necə işlədiyini də göstərmişdilər. Ancaq Klark tərəddüd edirdi. Axı həmin heyvan əməliyyatdan əvvəl sağlam idi, özü isə artıq son dərəcə ağır vəziyyətdəydi.
Onun qərarı Şükranlıq Günündən sonra dəyişdi. Klarkın vəziyyəti o qədər pisləşmişdi ki, bayram süfrəsinə çatmaq üçün oğlu ona kömək etməli olmuşdu. O, artıq çox az vaxtının qaldığını başa düşdü. Nəhayət, əməliyyata razılıq verdi.
Əməliyyat dekabrın 1-də, gecə saatlarında başladı. Həmin gün çöldə güclü qış fırtınası vardı. Hava şəraitinin əməliyyata mane olmaması üçün cərrahlar və tibb işçiləri əvvəlcədən xəstəxanada qalmışdılar.
Əməliyyata böyük tibbi heyət cəlb olunmuşdu. Həkimlər Klarkın fəaliyyətini itirmiş ürək mədəciklərini çıxararaq onların yerinə süni ürək yerləşdirdilər. Təxminən yeddi saat yarım davam edən əməliyyat dekabrın 2-də səhər saatlarında başa çatdı.
Klark özünə gələndə süni aparat artıq onun ürəyinin funksiyasını yerinə yetirirdi.
İlk saatlar olduqca mühüm idi. Mexaniki sistem insan orqanizmində qan dövranını təmin edə bilirdi. Həkimlər uzun müddət heyvanlar üzərində apardıqları təcrübələrdə əldə etməyə çalışdıqları nəticəyə nail olmuşdular: tamamilə süni ürək insan bədənində işləyə bilərdi.

Ancaq bundan sonra başlayanlar qəzetlərin sensasiyalı başlıqlarında o qədər də əks olunmurdu.
Klark ayağa qalxıb geyinərək evə gedə bilməzdi. O, borular vasitəsilə xarici aparata birləşdirilmiş vəziyyətdə xəstəxanada qalmalı idi. İlk həftələrdə onda qıcolmalar, huşun pozulması, ağciyər və böyrək problemləri yarandı.
Əməliyyatdan 13 gün sonra həkimlər yenidən cərrahi müdaxilə etməli oldular. Süni ürəyin mitral klapanının bir hissəsi sıradan çıxmışdı. Buna görə də protezin sol tərəfinin dəyişdirilməsi tələb olunurdu.
Bununla belə, ümidverici günlər də vardı. Dekabr ayında Klark ilk dəfə başqalarının köməyi ilə ayağa qalxdı. Sonralar əlil arabasında xəstəxana dəhlizi boyunca hərəkət edə bildi. Onun arxasınca isə ürəyin işləməsini təmin edən kompressorlu araba aparılırdı.
O, həyat yoldaşı ilə görüşür, övladlarını və nəvələrini görürdü. Hətta xəstəxanada ailə qurmasının növbəti ildönümünü də qeyd etdilər.
Bütün dünya Klarkın vəziyyətini izləyirdi. Jurnalistlər xəstəxananın qarşısında növbə çəkir, onun səhhəti ilə bağlı xəbərlər demək olar ki, hər gün yayılırdı.
Bəziləri onu elmin qəhrəmanı adlandırır, digərləri isə tibbin insan üzərində təhlükəli eksperiment aparıb-aparmadığını soruşurdular.
Sual həqiqətən də ciddi idi: əgər bir cihaz insanın qan dövranını təmin edirsə, amma xəstə vaxtının böyük hissəsini xəstəxanada keçirir, ard-arda əməliyyat və müalicələrə məruz qalırsa, bunu tam mənada xilas hesab etmək olarmı?
Klark isə nəyə razılıq verdiyini yaxşı bilirdi. O istəyirdi ki, öz iştirakı ilə həyata keçirilən bu təcrübə gələcəkdə başqa insanların həyatını xilas etməyə kömək etsin. Həkimlərə deyirdi ki, alternativ ölüm olduğu halda belə bir şansdan istifadə etməyə dəyər.
1983-cü ilin fevral ayının sonlarına doğru onun vəziyyəti yenidən ağırlaşmağa başladı. Əvvəlcə həzm sistemində ciddi problemlər yarandı. Daha sonra qusma, ishal və aspirasion pnevmoniya inkişaf etdi. Orqanizmdə infeksiya yayıldı, böyrəklər zədələndi.
Həkimlər bütün səylərinə baxmayaraq, xəstənin həyatını xilas edə bilmədilər. Orqanizm artıq bu ağırlaşmalara tab gətirmirdi.
23 mart 1983-cü ildə, əməliyyatdan 112 gün sonra Barni Klark vəfat etdi.
Yarılma zamanı bağırsaqlarda ağır iltihab – infeksiyanın və çoxorqanlı çatışmazlığın inkişafına səbəb olan psevdomembranoz kolit aşkarlandı.
Ancaq burada mühüm bir məqam vardı: süni ürək işləməyə davam edirdi. Həkimlər qurğunun daxilində nə tromb, nə də infeksiya aşkar etmişdilər. Əməliyyatın əsas məqsədi – mexaniki ürəyin insan orqanizmində qan dövranını təmin etməsi – həyata keçirilmişdi. Lakin xəstənin digər orqanlarını xilas etmək mümkün olmamışdı.
Klarkın ölümündən sonra da layihə dayandırılmadı. Həkimlər süni ürəyin konstruksiyasını təkmilləşdirməyə davam etdilər. Jarvik-7 cihazı implantasiya edilən növbəti xəstə Uilyam Şröder isə bu qurğu ilə daha uzun müddət – 620 gün yaşadı.
Sonrakı illərdə qan dövranının mexaniki dəstəklənməsi üçün daha müasir sistemlər yaradıldı. Onların arasında insanın öz ürəyini tamamilə əvəz etməyən, onun fəaliyyətinə kömək edən daha kiçik ölçülü nasoslar da var idi.
Barni Klark arzuladığı uzun ömrü yaşaya bilmədi. Lakin onun iştirakı ilə həyata keçirilən əməliyyat tibb elminin imkanları barədə təsəvvürləri dəyişdirdi.
Ona qədər süni ürək mühəndislərin laboratoriyalarda üzərində çalışdığı bir konstruksiya, həyata keçməsi çətin görünən bir arzu idi. Klarkdan sonra isə sübut olundu ki, insanın qan dövranını tamamilə mexaniki orqan vasitəsilə təmin etmək mümkündür.
Bununla belə, bu hekayədə texnologiyanın cavab verə bilmədiyi bir sual qaldı: maşın Barni Klarkın ürəyini əvəz edə bildi, bəs ona xəstəxana divarlarından kənarda normal həyat qaytara bildimi?
Klark özü bu cəhdinin mənasız olmadığını düşünürdü. Bəlkə də elə buna görə onun hekayəsi yalnız tibb tarixindəki möhtəşəm əməliyyatdan bəhs etmir. Bu, həm də elmi tərəqqinin bəzən nə qədər ağır qiymətə başa gəldiyini xatırladan bir həyat hekayəsidir. /konkret.az/