Finlandiya Rusiya dövlətindən və onun dövlətə məxsus qaz şirkəti “Qazprom”dan 25 milyard avrodan çox vəsaiti geri almağa çalışır.
Turkustan.az xəbər verir ki, tələblər zərərin ödənilməsi ilə bağlı qəbul edilmiş üç beynəlxalq arbitraj qərarına əsaslanır. Bildirilir ki, indiyədək Finlandiyada məhkəmə icraçıları vasitəsilə bu qədər böyük məbləğin tutulmasına cəhd göstərilməyib.
Ən böyük tələb təxminən 16,4 milyard avro dəyərində “Qazprom Export” şirkətinə qarşı irəli sürülüb. Bu iddia 2022-ci ildə Almaniyanın enerji şirkəti Uniper və digər Avropa şirkətlərinə qaz təchizatının dayandırılması ilə əlaqədardır.
Bundan əlavə, Rusiyadan ümumilikdə təxminən 10 milyard avronun geri alınması üçün daha iki iddia üzrə tədbirlər görülür.
Onlardan biri “YUKOS” neft şirkəti ilə bağlıdır. Lüksemburqda yerləşən Yukos Capital 2021-ci ildə qəbul edilmiş beynəlxalq arbitraj qərarına əsasən, 2000-ci illərin əvvəllərində investisiyaların qanunsuz şəkildə çıxarılmasına görə Rusiyadan təxminən 4,3 milyard avro tələb edir.
Aytən Yaşar/Turkustan.az