Sosial mediada AZAL təyyarəsinin qəzasına dair görüntülər yayılıb.
Turkustan.az xəbər verir ki, kadrlarda Bakı-Qroznı marşrutu ilə uçan təyyarənin Aktau səmasında uçuşu və yerə çırpılması əks olunub.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Qusar" "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də isə Çeçenistanda matəm elan edilib.
Dekabrın 28-də hadisə ilə bağlı Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq edib./"Yeni Sabah"