Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində səylərə dəstək verməyə hazır olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dublində keçirilən son görüşü şərh edərkən danışıb.
Onun sözlərinə görə, Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan səylər aktuallığını qoruyur.
Zaxarova Cənubi Qafqazda davamlı sülhün təmin edilməsini regionun inkişafı və çiçəklənməsi üçün mühüm şərt adlandırıb.
Rusiya rəsmisi qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan vasitəçilərin iştirakı olmadan birbaşa dialoqa üstünlük verirlər. Bununla belə, Moskva belə bir yardıma ehtiyac yaranacağı təqdirdə sülh prosesinə qoşulmağa hazırdır./Globalinfo.az