Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza liberallaşdırılması prosesində yeni mərhələyə keçilir.
Turkustan.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan vizasız səyahət üçün tələb olunan 72 meyardan qalan 6-sı ilə bağlı hazırlanan yekun layihənin büdcə müzakirələrindən sonra Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyini açıqlayıb.
Türkiyənin Şengen zonasına vizasız səyahət edə bilməsi üçün aparılan işlər çərçivəsində Ankara 72 meyardan 66-sını yerinə yetirib. Hazırda qalan 6 meyarla bağlı layihənin hazırlanması yekunlaşmaq üzrədir.
Parlamentdə büdcə müzakirələri zamanı viza liberallaşdırılması məsələsinə toxunan Hakan Fidan bildirib ki, bu məsələnin daimi həlli Türkiyə ilə Avropa İttifaqı arasında Viza Liberallaşdırılması Dialoqunun tamamlanmasından keçir.
Nazir qalan altı meyarla bağlı hazırlıq işlərinin son mərhələyə çatdığını vurğulayıb:
“Bu məsələ ilə bağlı layihə işinin son mərhələsinə çatdıq. Parlamentə təqdim etmək üzrə idik, amma dedilər ki, əvvəlcə büdcəni nəzərdən keçirək, sonra bunu edərik. Ümid edirəm ki, büdcədən sonra sizə təqdim olunacaq”.
Aytən Yaşar/Turkustan.az