Ermənistan və Rusiya arasında dəmir yolu məsələlərini müzakirə edən birgə işçi qrupunun ikinci iclası noyabrın sonunadək İrəvanda baş tutacaq.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Məlumata görə, işçi qrupunun növbəti toplantısı ilk iclasda iştirak edən eyni tərkibdə keçiriləcək.
Bəs Ermənistan Rusiyadan dəmir yollarını ala biləcəkmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “ATLAS” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanın keçmiş cinayətkar prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti dövründə ölkənin bir çox strateji müəssisələri Rusiyaya satılıb:
“Rusiyanın hərbi bazası sərhədlərin mühafizəsində iştirak etdiyi kimi, fabrik və zavodlar da Rusiya şirkətlərinin nəzarətinə keçib. Ermənistanın qazpaylayıcı şirkəti Rusiyanın nəzarətinə verilib, dəmir yolları isə Rusiya Dəmir Yolları şirkətinin idarəçiliyinə keçib.
Beləliklə, Ermənistan həmin dövrdə müstəqilliyini faktiki olaraq itirmiş vəziyyətə düşüb. Həmin vaxt Azərbaycan torpaqları işğal altında saxlanılırdı və Ermənistan təhlükəsizlik baxımından Rusiyaya güvənirdi.
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə ölkəsinin Rusiyadan asılılığını azaltmağa çalışır. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşır, sərhədin mühafizəsində Rusiya hərbçilərini erməni hərbçiləri ilə əvəz edir.
Hazırda Paşinyanın qarşıya qoyduğu əsas məsələlərdən biri də Rusiyanın nəzarətində olan dəmir yollarının inkişaf etdirilməsi və bərpasıdır”.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı Ermənistanın dəmir yolu infrastrukturuna da ciddi təsir göstərib:
“Ölkənin dəmir yolları dağılıb, köhnəlib, hətta bəzi ərazilərdə insanlar relsləri sökərək aparıb satıblar. Paşinyan indi həmin xətlərin bərpasını zəruri hesab edir.
Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, sülh prosesinin irəliləməsi fonunda Ermənistanın yalnız Zəngəzur istiqamətindəki dəmir yolunu deyil, ölkədaxili dəmir yolu xətlərini də bərpa etməsi vacibdir.
Bu, həm regional nəqliyyat əlaqələrinin genişlənməsinə, həm də Ermənistanın öz dəmir yolu infrastrukturundan istifadə imkanlarının artmasına xidmət edə bilər.
Lakin bu məsələnin həllini real hesab etmirəm. Çünki qarşıda ciddi çətinliklər var və aparılan danışıqların nəticə verəcəyinə də inanmıram. Rusiyanın nəqliyyat naziri dəfələrlə İrəvana səfər edib, amma indiyədək konkret nəticə əldə olunmayıb.
Rusiyanın Ermənistanın Türkiyə və Azərbaycanla dəmir yolu əlaqələrinin bərpasında maraqlı olmadığı düşünülür. Çünki bu, Moskvanın maraqlarına uyğun gəlmir. Üstəlik, Rusiyada Paşinyana yad element kimi yanaşırlar.Belə olan halda sual yaranır: Paşinyan bundan sonra nə edəcək? Onun başqa çıxış yolu qalmaya bilər”.
Politoloq qeyd edib ki, Ermənistan Baş naziri Rusiya ilə imzalanmış sazişdən imtina edərək dəmir yollarının bərpası üçün başqa bir ölkə ilə yeni müqavilə imzalamağa məcbur qala bilər:
“Azərbaycanla sülh əldə olunarsa və Ermənistan Rusiya ilə mövcud sazişdən imtina edərsə, Azərbaycan və Türkiyə də dəmir yollarının bərpasında iştirak edə bilər.
Çünki həmin xətlər vasitəsilə Azərbaycan da yük daşımaları həyata keçirə bilər. Lakin bunun bir şərti var ki, Azərbaycanla sülh sazişi imzalanmalı və bu məsələ Ermənistanın Konstitusiyasında öz əksini tapmalıdır”.