İstilik Elektrik Stansiyasında dəhşətli partlayış! Ölənlər var


İraqın Bəsrə şəhərinin şimalında yerləşən Harithah İstilik Elektrik Stansiyasında qaz boru kəmərində baş verən partlayış yanğına səbəb olub.

Turkustan.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb.

İraq Baş Nazirliyinə bağlı Təhlükəsizlik Media Ofisinin məlumatına görə, yanğın yerli vaxtla saat 06:00-da Bəsrənin şimalındakı Harithah rayonunda yerləşən elektrik stansiyasında başlayıb.

İraq Daxili İşlər Nazirliyi yanğının elektrik stansiyasını qazla təmin edən sistemdəki borudan başladığını və daha sonra yaxınlıqdakı evlərə yayıldığını açıqlayıb. Yaralananların müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı və tüstüdən zəhərləndiyi bildirilir.

Bəsrədən təxminən 20 kilometr şimalda yerləşən stansiyadakı yanğın yaxınlıqdakı evlərə və nəqliyyat vasitələrinə də ziyan vurub. Hadisədən sonra ərazidə baş verən güclü partlayış və alovların səmaya yüksəlməsi anlarını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

800 meqavat gücündə olan elektrik stansiyasında yanğın səbəbindən enerji istehsalı dayandırılıb. Səlahiyyətlilər hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıblar.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ