İranda xarici siyasət kursu ilə bağlı daxili narazılıq yeni siyasi qarşıdurmaya çevrilir. Xarici işlər naziri Abbas Əraqçının impiçmenti məsələsi İran parlamentində rəsmiləşdirilib. Deputatlardan birinin nazirin vəzifədən kənarlaşdırılması ilə bağlı təşəbbüsü parlamentdə qeydiyyata alması Tehranda xarici siyasətlə bağlı fikir ayrılıqlarının dərinləşdiyini göstərir.
Əraqçıya qarşı əsas ittiham isə onun BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorka səfəri zamanı vasitəçilər üzərindən ABŞ nümayəndələri ilə parlament və digər aidiyyəti qurumların razılığı olmadan təmas qurmasıdır. Sənəd hələ parlamentin Rəyasət Heyətinə təqdim edilməsə də, məsələnin gündəmə çıxarılması İran hakimiyyətində Vaşinqtonla mümkün dialoqa münasibətdə ciddi fikir ayrılıqlarının olduğunu göstərir.
Əraqçının impiçmenti İranın ABŞ-la münasibətlərində yeni sərtləşmənin başlanğıcı ola bilərmi?
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Musavat.com-da qeyd etdi ki, əslində, İran siyasətində belə hallar çox nadir hadisə deyil: "Xüsusilə islahatçı hökumətin ayrı-ayrı nümayəndələrinə qarşı mühafizəkar qanad tərəfindən zaman-zaman müxtəlif ittihamlar irəli sürülür. Hazırda parlamentdə çoxluq mühafizəkarların əlindədir və onlar vaxtaşırı nazirlərin parlamentdə dindirilməsi, onlara qarşı ittihamların səsləndirilməsi və hətta istefaya göndərilməsi məsələsini gündəmə gətirirlər. Bəzi nazirləri bu yolla istefaya getməyə də məcbur ediblər. Amma Əraqçı ilə bağlı məsələnin çox böyüyəcəyini düşünmürəm. Əlbəttə, islahatçıların ABŞ ilə danışıqları davam etdirmək və razılaşmaya nail olmaq istiqamətindəki cəhdləri mühafizəkarlar tərəfindən qanuni şəkildə tənqid olunur. Konkret olaraq, Əraqçının ABŞ səfəri zamanı keçirdiyi görüşlər də mühafizəkarlar tərəfindən tənqid edilmişdi. Lakin bu görüşlərin keçirilməsi icazəsiz deyildi. Sonradan açıqlanan məlumatlardan da məlum oldu ki, bu istiqamətdə müəyyən razılaşmalar mövcud idi. Üstəlik, prezidentin hökumət başçısı kimi həmin prosesdən məlumatlı olması və Əraqçıya bu məsələdə siyasi dəstək verməsi mümkündür. Bu baxımdan məsuliyyəti yalnız xarici işlər nazirinin üzərinə qoymaq da o qədər asan deyil".
Müsahibimizin sözlərinə görə, burada prezidentə və Əraqçıya qarşı parlamentdə və mühafizəkar mediada ittihamların səsləndirilməsindən sonra SEPAH komandanlığının açıq şəkildə bəyanat verməsi də diqqət çəkir: " SEPAH bildirib ki, prezidentin və onun hökumətinin siyasətini, o cümlədən diplomatik səylərini dəstəkləyir və bu siyasətin arxasındadır. Ona görə də hazırda SEPAH-ın və ümumilikdə hərbi strukturların İran dövlətindəki mövqeyini nəzərə alsaq, Əraqçıya qarşı kampaniyanın çox dərinə gedəcəyini və onun istefasının tələb olunaraq reallaşacağını düşünmürəm. Müəyyən təzyiq vasitəsi kimi bu cəhdlər davam edə bilər, amma nəticə verməsi ehtimalı azdır. Düşünürəm ki, məsələ çox da dərinə getməyəcək. Çünki hazırda hərbi strukturların, xüsusilə xarici siyasət məsələsində hökumətə müəyyən etimadı var. Üstəlik, İranın müharibə şəraitində olduğu bir vaxtda hökumətdə ciddi dəyişikliklərin, xüsusilə də nazirlərdən birinin vəzifədən uzaqlaşdırılmasının vəziyyətə müsbət təsir göstərməyəcəyini İran siyasətini yaxşı bilən şəxslər də anlayırlar. Ona görə də yaxın perspektivdə Əraqçının vəzifəsindən getməsi və ya hökumətdə ciddi dəyişiklik baş verməsini gözləmirəm".