Cənubi Koreya hökuməti Ukraynanın Rusiyanın Kursk vilayətində əsir götürülmüş iki Şimali Koreya hərbçisinin Cənubi Koreyaya təhvil verilməsi barədə məlumatı açıqlamasına sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Myonq Kiyevin bu addımını tənqid edib və Ukrayna rəsmi üzr istəmədiyi təqdirdə əlavə tədbirlər görüləcəyini bildirib.
Məsələ Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışı zamanı Rusiyanın Kursk vilayətində əsir götürülmüş iki Şimali Koreya əsgərinin Cənubi Koreyaya göndərildiyini açıqlamasından sonra gündəmə gəlib. Seul bildirir ki, tərəflər hərbçilərin Cənubi Koreyaya təhvil verilməsinin məxfi saxlanılması barədə razılığa gəliblər.
Li Çje Myonq bildirib ki, Ukrayna əvvəlcə məxfiliyin qorunmasını tələb edib, daha sonra isə təhvilverməni ictimaiyyətə açıqlayıb. Onun sözlərinə görə, Kiyevin sonradan belə bir məxfilik razılaşmasının mövcudluğunu inkar etməsi Cənubi Koreya prezidentini “yalançı” vəziyyətinə salıb. Seul hazırda razılaşmanın mövcudluğunu təsdiqləyən yazılı sənədlərin olduğunu da bildirir.
Cənubi Koreya prezidenti, həmçinin Ukraynanın mümkün Koreyalararası hərbi qarşıdurma ilə bağlı açıqlamalarını tənqid edərək, bunun Koreya yarımadasında müharibəni qızışdırmaq cəhdi olduğunu bildirib. Li Çje Myonq Ukraynadan rəsmi üzr gözlədiklərini və əks halda əlavə tədbirlər görüləcəyini vurğulayıb.
Ukrayna isə məxfilik razılaşmasının mövcudluğunu təkzib edir və yaranmış vəziyyəti diplomatik anlaşılmazlıq kimi qiymətləndirir.
Aytən Yaşar/ Turkustan.az