Qırğızıstanın ilk yerli peyki ABŞ-ın Kaliforniya ştatında yerləşən Vandenberq Hərbi Hava Qüvvələri bazasından SpaceX şirkətinin “Falcon 9” raketi ilə orbitə buraxılıb.
Turkustan.az xəbər verir ki, Qırğızıstan Prezidentinin Mətbuat Mərkəzi ilk milli peykin orbitə buraxıldığını açıqlayıb.
ABŞ-da işgüzar səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarov peykin buraxılış mərasimində iştirak edərək bu tarixi anın şahidi olub.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə həyata keçirilən layihə çərçivəsində kosmosa göndərilən ilk milli peykin Qırğızıstan iqtisadiyyatının inkişafı və ətraf mühitin monitorinqində mühüm rol oynayacağı bildirilib.
Peyk əkin sahələri və otlaqların vəziyyətini, quraqlıq risklərini və kənd təsərrüfatı məhsuldarlığını izləmək üçün yüksək ayırdetmə qabiliyyətinə malik optik sensorlardan istifadə edəcək.
Bundan əlavə, peyk Qırğızıstana həyati əhəmiyyət daşıyan buzlaqları, su ehtiyatlarını və çayları izləməyə, ətraf mühitdə baş verən dəyişiklikləri müəyyənləşdirməyə, eləcə də təbii fəlakət risklərini proqnozlaşdırmağa imkan verəcək.
Aytən Yaşar/ Turkustan.az