“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO


Xəbər verildiyi kimi bu gün səhər saatlarında Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı bir qrup şagird zəhərlənib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb və zəhərlənən şagirdlər Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunublar.

Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbin təşkilati məsələlər üzrə direktor müavini Gülnarə Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib ki, zəhərlənmə halı 8-ci siniflərdən birində baş verib:

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Biz də aidiyyəti üzrə müraciət etdik və uşaqların hamısının yoxlanmasını istədik. Digər məsələlər isə hüquq mühafizə orqanları məşğul olurlar”.

Məsələ ilə bağlı AQTA-dan verilən açıqlamada bildirilib ki, ilkin araşdırmalara görə Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir:

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.

Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub. Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".








MANŞET XƏBƏRLƏRİ