Rusiyada külli miqdarda valyuta qaçaqmalçılığında ittiham olunan qadına hökm oxunub.
Xəbərə görə, proses Yekaterinburqun Oktyabrski Rayon Məhkəməsində keçirilib.
Hakim heyəti Samara vilayətinin sakini Lyubov Əsədullayevaya 10,4 milyon rublun qaçaqmalçılığına görə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.
Məlumata görə, Lyubov Əsədullayeva 22 avqust 2025-ci ildə Samaradan Yekaterinburq üzərindən tranzitlə Bakıya qonaq getməyi planlaşdırıb.
Saat 18 radələrində Koltsovo hava limanında o, gömrük bəyannaməsi təqdim etmədən 130 min ABŞ dollarından çox ekvivalentdə nağd pulu gömrük sərhədindən keçirməyə cəhd edib. Rusiya qanunvericiliyinə əsasən, bu məbləğ xüsusilə külli miqdar hesab olunur.
Məhkəmə zamanı Əsədullayeva təqsirini qəbul etməyib. O bildirib ki, qaçaqmalçılıq etmək niyyətində olmayıb, gömrük qaydalarından xəbərsiz olub və təyyarəyə gecikdiyi üçün pullarla birlikdə gömrük nəzarəti zonasındakı “yaşıl dəhliz”dən keçib.
Məhkəmə 10,4 milyon rublun dövlət nəfinə müsadirə olunmasına qərar verib.
Hökm hələ qanuni qüvvəyə minməyib./lent.az