İtaliyada tədqiqatçılar istifadə edildikdən sonra tullantıya çevrilən karton qutuları günəş enerjisi ilə işləyən daşınan sobalara çeviriblər. Hazırlanan sadə sistem sayəsində hər hansı bir elektrik və ya yanacaq istifadə etmədən yemək bişirmək və su qızdırmaq mümkün olur.
Turkustan.az xəbər verir ki, xüsusilə fəlakət zonaları və humanitar yardım düşərgələri üçün hazırlanmış sistem kənardan elektrik, qaz və ya ənənəvi yanacağa ehtiyac duymur.
Karton qablaşdırmanın əks etdirici səthlə örtülməsi sayəsində günəş şüaları müəyyən bir nöqtədə cəmləşdirilərək yaranan istilik yemək hazırlamaq üçün istifadə olunur.
Tədqiqatçılar sistem üçün yardım bölgələrinə göndərilən mətbəx dəstlərinin karton qablaşdırmalarından istifadə ediblər. Qutu kəsilib qatlandıqdan və daxili səthi işığı əks etdirəcək şəkildə örtüldükdən sonra günəş şüalarını qazanın olduğu nöqtəyə istiqamətləndirən bir qurğuya çevrilir.
Tədqiqat çərçivəsində fərqli həndəsi formalara malik bir neçə prototip hazırlanıb. Aparılan müqayisələrdə xüsusilə parabolik dizaynın günəş enerjisini toplama və istiliyə çevirmə konusunda daha uğurlu olduğu görülüb.
Hazırlanan qurğu təkcə yeməklərin qızdırılması və bişirilməsi üçün istifadə olunmur. Günəşdən əldə edilən istiliklə su qaynatmaq mümkündür, həmçinin çay və göllərdən götürülən suyun istilik yolu ilə daha təhlükəsiz hala gətirilməsi də sistemin hədəflənən istifadə sahələri arasındadır.
Sistemin diqqət çəkən tərəflərindən biri də humanitar yardım bölgələrində ortaya çıxan qablaşdırma tullantısını yenidən qiymətləndirməsidir.
Çadır, mətbəx avadanlığı və digər yardım materialları bölgəyə çatdırıldıqdan sonra geridə qalan karton qablaşdırmalar bu üsulla birbaşa istifadə oluna bilən bir alətə çevrilə bilir.
Tədqiqatçılar bu sayədə həm karton tullantı miqdarının azaldıla biləcəyini, həm də odun, kömür, qaz və ya elektrik enerjisinə çıxışın məhdud olduğu bölgələrdə yemək bişirmək üçün alternativ bir üsul təmin oluna biləcəyini qeyd edirlər. Sistemin sadə, daşınan və mövcud qablaşdırma materialından istehsal oluna bilməsi də fəlakət və yardım bölgələrində istifadəsini asanlaşdıra biləcək xüsusiyyətlər arasında göstərilir. (Milli.Az)