Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri və Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrakı, ABŞ Nümayəndələr Palatasının üzvü Darrell İsanı və həyat yoldaşını qəbul edib.
Turkustan.az xəbər verir ki, Prezident Kompleksində keçirilən görüş qapalı olub.
Görüşdən sonra Tom Barrak sosial media hesabında Ərdoğanla görüşməkdən şərəf duyduğunu bildirib. O, Türkiyə ilə ABŞ arasındakı müttəfiqliyin heç vaxt indiki qədər güclü olmadığını qeyd edib.
Barrak bildirib ki, görüş zamanı regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və iki ölkə arasında davamlı tərəfdaşlıq məsələləri müzakirə olunub.
“Bu il ABŞ-ın 250 illiyini qeyd etdiyimiz və Türkiyə ilə ABŞ arasında bir əsrlik diplomatik münasibətlərin qurulmasına hazırlaşdığımız bir vaxtda deyə bilərəm ki, bu ittifaq heç vaxt bu qədər güclü olmayıb. Türkiyə və ABŞ-ın NATO müttəfiqləri, iqtisadi tərəfdaşları və onilliklər ərzində bir-birini dəstəkləyən dostlar kimi dərin əlaqələri var”, - deyə Barrak bildirib.
O əlavə edib ki, görüş regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və iki ölkə arasında davamlı tərəfdaşlığa dair ortaq öhdəliyi bir daha təsdiqləyib.
Aytən Yaşar/ Turkustan.az