ABŞ Prezidenti Donald Tramp ötən ay NATO sammitində iştirak etdikdən sonra Türkiyədən uçmazdan əvvəl Məxfi Xidmətin göstərişlərinə əməl edərək təyyarəsini gizlicə dəyişdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp CBS News müxbirinin sualına cavabında deyib ki, bu, Məxfi Xidmətin tövsiyəsi ilə baş verib.
"Mən sadəcə Məxfi Xidmətin və hərbçilərin göstərişlərinə əməl edirəm. Eyni təhlükəsizliyi təmin etmək üçün başqa bir reyslə, başqa təyyarə ilə uçmağımı istədilər, buna görə də onu etdim. Onlar nə deyirsə, onu da edirəm", — deyə o vurğulayıb.
İyulun 8-də Ankara hava limanında ABŞ prezidenti Tramp televiziya kameraları qarşısında köhnə “Air Force One” təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra o, aeroportda təyyarələrə yemək və digər ləvazimatların çatdırılması üçün istifadə olunan yük maşını vasitəsilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha kiçik C-32A təyyarəsinə keçirilib. Bu addım İrandan mümkün sui-qəsd təhlükəsi ilə bağlı məlumat səbəbindən atılıb.
Çünki ABŞ kəşfiyyatı İran və onun havadarlarının Trampın Türkiyədən uçduğu təyyarəyə raket zərbəsi endirmək planı barədə etibarlı məlumat əldə etmişdi.
ABŞ xüsusi xidmət orqanları əməliyyatı jurnalistlərdən gizli şəkildə həyata keçirib. Prezidentin əsas təyyarəsində uçan media nümayəndələri onun həmin təyyarədə olduğunu düşünüblər.
Bu vaxt Tramp Pentaqonun rəhbəri Pit Heqsetlə birlikdə transponderləri söndürülmüş C-32A təyyarəsində uçub. Təyyarə “Reach 18” adlı diqqət çəkməyən hərbi çağırış siqnalından istifadə edib.
Tramp Böyük Britaniyadakı Mildenhall aviabazasına çatdıqdan sonra yenidən əsas təyyarəyə keçirilib. Daha sonra jurnalistlərin qarşısına təyyarənin xarici trapından çıxaraq bütün müddət ərzində “Air Force One”da olduğu görüntüsü yaradılıb.
Təhlükənin xarakteri ilə bağlı suala Tramp belə cavab verib: "Düşünürəm ki, real təhlükə var idi. Bu haqda çox da soruşmadım. Məni tez-tez hədələyirlər"./modern.az