Parlamentdə xəritə davası: Qarabağ heç vaxt Ermənistanın olmayıb


Ermənistan parlamentində hakim "Vətəndaş müqaviləsi" partiyası ilə müxalif "Güclü Ermənistan" fraksiyası arasında ölkənin xəritəsi ətrafında gərgin mübahisə yaşanıb.

Turkustan.az xəbər verir ki, hakim partiyanın deputatı Taron Çaxoyan müxalifət nümayəndəsi Aram Vardevanyanı siyasi mövqeyini tez-tez dəyişməkdə ittiham edib.

Çaxoyan bildirib ki, müxalifət əvvəlki iclasda Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini əks etdirən xəritəni qəbul etməkdən imtina edib.

"Bir tərəfdən həmin xəritəni qəbul etmirsiniz, digər tərəfdən isə parlament sədrinin müavini vəzifəsinə namizəd olursunuz. Bəs fraksiyanızın Ermənistan xəritəsi ilə problemi nədir?" – deyə o sual verib.

Aram Vardevanyan isə cavabında təqdim olunan xəritənin hakim partiyanın seçki təbliğatında istifadə etdiyi material olduğunu bildirib.

"Ermənistanın xəritəsi heç bir siyasi partiyanın mülkiyyəti ola bilməz. Xəritə bizim qürurumuzdur və onu təbliğat vasitəsinə çevirmək olmaz", – deyə müxalif deputat bildirib.

Müzakirə zamanı Vardevanyan hakimiyyət nümayəndələrinə 2020-ci ildən əvvəl parlamentdə hansı xəritənin asıldığını da xatırladıb.

Buna cavab olaraq Taron Çaxoyan bildirib ki, Dağlıq Qarabağ heç vaxt Ermənistan Respublikasının tərkib hissəsi olmayıb.

"Əgər Dağlıq Qarabağın Ermənistan xəritəsində olub-olmamasını nəzərdə tutursunuzsa, cavab birmənalıdır – olmayıb. Çünki Dağlıq Qarabağ heç vaxt Ermənistan Respublikasının tərkibinə daxil olmayıb", – deyə o vurğulayıb./modern.az


MANŞET XƏBƏRLƏRİ