Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ballistik raket proqramı və FREYJA antiballistik layihəsinin icrası ilə bağlı müşavirə keçirdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna bu proqramlar üzrə 2026–2027-ci illərdə konkret nəticələr əldə etməyi hədəfləyir.
Zelenski bu barədə "Telegram" hesabında paylaşım edib.
Prezident bildirib ki, müşavirədə ballistik proqramın gedişi, FREYJA layihəsi çərçivəsində görülən işlər, mövcud ehtiyaclar və indiyədək həyata keçirilən mərhələlər müzakirə olunub.
Onun sözlərinə görə, sürətləndirilməsi vacib olan layihələr üzrə icra qrafiki və məsul şəxslər müəyyən edilib. Proqramın həyata keçirilməsinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, Nazirlər Kabineti, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Hərbi Hava Qüvvələrinin Komandanlığı, Brave1 platforması və ölkənin müdafiə sənayesinin aparıcı texnoloji qrupları cəlb olunub.
Zelenski vurğulayıb ki, milli ballistik raket proqramının inkişafı və yeni antiballistik sistemin yaradılması dünyada yalnız məhdud sayda ölkənin həyata keçirə bildiyi mürəkkəb və strateji əhəmiyyətli vəzifələrdəndir.
Aytən Yaşar/ Turkustan.az