Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa seçim yoxdur


Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin Qəzza zolağını fələstinlilərdən boşaltmaq məqsədi dəyişməyib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Baş nazir Benyamin Netanyahunun bu siyasəti uğur qazanmayacaq.

Hakan Fidan bu fikirləri Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında səsləndirib.

"Netanyahunun siyasəti uğur qazana bilməyəcək. Qəzza xalqı öz torpağında yaşamağa və gələcəyini orada qurmağa davam edəcək. Bu mərhələdə Qəzzada atəşkəsi daimi etmək, sülh planının ikinci mərhələsinə keçmək və yenidənqurma prosesinə başlamaqdan başqa alternativ yoxdur", – deyə, Fidan bildirib.

Nazir çıxışında Suriyadakı vəziyyətə də toxunaraq ölkədə sabitliyin getdikcə möhkəmləndiyini və Ankara ilə Dəməşq arasında əməkdaşlığın dərinləşdiyini vurğulayıb.

Fidanın sözlərinə görə, Türkiyə ilə Suriyanın təhlükəsizliyi və sabitliyi bir-biri ilə sıx bağlıdır. O qeyd edib ki, terrorizmlə mübarizə, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq daha da genişləndiriləcək.

Türkiyəli nazir əlavə edib ki, Suriyada bütün silahlı qrupların mərkəzi və qanuni dövlət strukturları tərkibinə inteqrasiyası həm ölkənin birliyi, həm də regionun sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ