Hüquqşünas Müşfiq Abbasov sosial şəbəkə hesabında həyat yoldaşının telefon yazışmalarını əldə etməyi vəd edən elanlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ərinin və ya arvadının “WhatsApp” yazışmalarını kənardan oxumağın mümkün olduğu barədə yayılan elanlar həqiqəti əks etdirmir və bu cür xidmətlər təklif edən şəxslər dələduzluqla məşğul olurlar.
Onun sözlərinə görə, “WhatsApp” vasitəsilə aparılan yazışmaların məzmununu uzaqdan əldə etmək texniki baxımdan mümkün deyil:
“Silinmiş mesajların bərpası isə yalnız həmin mobil telefon mütəxəssisin əlində olduqda müəyyən hallarda həyata keçirilə bilər”.
O vurğulayıb ki, telefondakı yazışmalara kənardan çıxış əldə etmək üçün cihazla fiziki təmas vacibdir. Bu səbəbdən o, vətəndaşları bu cür vədlərə inanmamağa və şəxsi məlumatlarını naməlum şəxslərlə paylaşmamağa çağırıb. /Cebheinfo.az/